Bakıda Ümumrespublika Elm Festivalı keçiriləcək
Oktyabrın 25-dən noyabrın 10-dək Bakıda Ümumrespublika Elm Festivalı keçiriləcək.
1news.az-ın məlumatına görə, bununla bağlı qərar Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin yanvarın 27-da keçirilən növbəti iclasında qəbul edilib.
AMEA prezidenti, akademik Akif Əlizadə elmi biliklərin populyarlaşdırılması, gənc nəsildə elmə marağın yaradılmasının son illər akademiyada həyata keçirilən islahatların mühüm istiqamətlərindən olduğunu bildirib.
2014-cü ildə keçirilən Bakı Elm Festivalının əhəmiyyətindən danışan A.Əlizadə yeni elmi texnologiya və innovasiyaların nümayiş etdirilməsi, elmin populyarlaşdırılması və cəmiyyətdə elmə olan marağın artırılmasında bu kimi tədbirlərin vacibliyini söyləyib. Bildirilib ki, festivalın proqramında yer alan sərgi, mühazirələr və elmi müəssisələrə səyahətlər uğurla təşkil olunub, nümayiş etdirilmiş əyləncəli şoular ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Akademik qeyd edib ki, əldə olunmuş uğurlara baxmayaraq, elmin populyarlaşdırılması istiqamətində görülmüş işlərin daha da genişləndirilməsinə ehtiyac var.
Bununla əlaqədar olaraq, Rəyasət Heyəti 25 oktyabr-10 noyabr 2016-cı il tarixlərdə Ümumrespublika Elm Festivalının keçirilməsi haqqında qərar qəbul edib.
1news.az