Peşə hazırlığına cəlb edilən əlilliyi olan şəxslərin sayı 58,5 faiz artıb
2015-ci ildə əvvəlki illə müqayisədə 58,5 faiz çox, yəni 582 nəfər əlilliyi olan şəxs müxtəlif peşələr üzrə peşə hazırlığı kurslarına cəlb edilib.
1news.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat veriblər.
Məlumata görə, əlilliyi olan şəxslərdən 378 nəfəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə qəbul olunub.
2013-cü ilin dekabrında Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilən bu Mərkəzdə sağlamlıq imkanları məhdud gənclərin peşə hazırlığının təşkili, ümumən onların sosial reabilitasiya tədbirlərinə cəlb edilməsi üçün ən müasir tələblərə uyğun şərait yaradılıb. Respublikanın müxtəlif bölgələrindən mərkəzə peşə hazırlığına cəlb olunan gənclər burada peşə təlimində olduqları müddətdə dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin olunurlar.
Digər 204 nəfər əlilliyi olan şəxs isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin təşkil etdiyi peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb ediliblər. Əlilliyi olan şəxslər peşə hazırlığı kurslarını bitirdikdən sonra onlara bu barədə sertifikatlar verilib və məşğulluqlarının təmin olunması üçün müvafiq işlər görülüb.
Ümumilikdə Dövlət Məşğulluq Xidməti tərəfindən ötən il peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilənlərin sayı isə 4147 nəfər təşkil edib.
1news.az