SOCAR-ın vitse-prezidentinin fikirləri təhrif olunub - BƏYƏNAT
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bir sıra KİV-dəyayılmış xəbərlərlə bağlı bəyanat yayıb.
“Bəzi kütləvi informasiya vasitələrində SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirova istinadən yayılmış “Azərbaycan “Azərenerji” üçün Rusiyanın “Qazprom” şirkətindən təbii qaz almağı nəzərdə tutur” məlumatı həqiqəti əks etdirmir.
Elşad Nəsirov (jurnalistlərlə söhbət zamanı) bildirib ki, hazırda SOCAR-ın heç bir ölkədən qaz almasına ehtiyacı yoxdur, “AzMeCo”, “Azərenerji” və ya digər şirkətlər daha sərfəli şərtlərlə “Qazprom”dan qaz almaq istəyərlərsə, SOCAR-ın infrastukturundan istifadə edə bilərlər”, - bu haqda SOCAR rəsmi saytında yerləşdirilib.
Daha əvvəl, bazar ertəsi KİV nümayəndələri ilə söhbət zamanı SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov bəyan edib ki, Azərbaycan Dövlət Neft Şirkəti “Azərenerji”ASC-yə Rusiya “Qazprom”-dan qaz almağa yardımçı olmağa hazırdır.
“Rusiya tərəfi ilə təbii qazın alışında hələ ki, razılıq yoxdur. Təbii qazın idxalı SOCAR üçün deyil, qaz çatışmayan “Azərenerji” ASC üçündür. SOCAR təbii qazın əldə olunması və öz infrastrukturunu təqdim etməyə hazırdır”, - E.Nəsirov qeyd edib.
Onun sözlərinə görə, əgər hökumət buna razılıq verərsə və qaz tədarükünü həyata keçirən şirkətlərlə razılıq əldə olunarsa “Azərenerji” üçün təbii qazın alışı artıq 2016-cı ildən mümkün olacaq.
Bununla belə o, idxalın hansı həcmdə söhbət getdiyini dəqiqləşdirməyib.
1news.az