Mərkəzi Bank bankların risklərə qarşı dayanıqlığının yüksəldilməsi istiqamətində səylərini artıracaq
Mərkəzi Bank2016-cı ildə dəyişkən iqtisadi mühitdə bankların risklərə qarşı dayanıqlığının yüksəldilməsi istiqamətində səylərini artıracaq.
1news.az-ın verdiyi xəbərə görə, bu haqda Azərbaycan Mərkəzi Bankının 2015-ci ilin yekunlarına həsr olunmuşgeniştərkibli iclası zamanı bankın idarə heyətinin sədri Elman Rüstəmov bildirib.
Onun sözlərinə görə, stress-testlər əsasında Mərkəzi Bank müxtəlif iqtisadi şoklara qarşı bank sektorunun vəziyyətini preventiv qaydada simulyasiya etməklə maliyyə sabitliyini qorumaq və effektiv idarə etmək üçün zəruri hallarda sektora müvafiq intervensiyaların həyata keçirilməsini diqqət mərkəzində saxlayacaqdır.
Bundan əlavə, iqtisadi artımın dəstəklənməsində bank-maliyyə sektorunun rolunun gücləndirilməsi, iqtisadi subyektlərin kreditə çıxış imkanlarının daha da genişləndirilməsi istiqamətində fəaliyyət davam etdiriləcək.
“Nağdsız ödənişlərin inkişafı, elektron ödəniş xidmətlərinin və innovativ ödəniş texnologiyalarının tətbiqinin genişləndirilməsi növbəti ildə də Mərkəzi Bankın fəaliyyətinin prioritet istiqamətlərindən olacaqdır”, – E.Rüstəmov bildirib.
Çıxışının sonunda E.Rüstəmov yeni çağırışlardan irəli gələn vəzifələrin uğurla icrasında Mərkəzi Bankda insan kapitalının, tədqiqat və analitik bazasının, idarəetmə proseslərinin daha da müasirləşməsi və inkişafının vacib rol oynayacağını bildirdi.
1news.az