Mərkəzi Bank daha bir bankın lisenziyasını ləğv edib
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 1fevral 2016-cı il tarixli qərarı ilə “Texnikabank” ASC-nin bank lisenziyası ləğv edilib.
Bu haqda 1news.az AMB-nin rəsmi səhifəsində yerləşdirilmiş məlumata əsasən xəbər verir.
Məlumatda qeyd olunur ki, AMB-nin 10/1nömrəli qərarı ilə məcmu kapitalının minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3%-dən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Texnikabank” ASC-nin bank lisenziyası ləğv edilir.
“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci və 52-ci maddələrinə uyğun olaraq 2 fevral 2016-cı il tarixindən etibarən banka müvəqqəti inzibatçı təyin edilib”, - məlumatda qeyd olunur.
Bundan əlavə, Azərbaycan Mərkəzi Bankı bildirir ki, “Texnikabank” ASC-də Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.
1news.az