Nardaranda əmək yarmarkası təşkil olunub – FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işsiz və işaxtaran vətəndaşların münasib işlərlə təmin olunması məqsədilə Bakının Nardaran qəsəbəsində əmək yarmarkası təşkil edilib.
1news.az-ın məlumatına görə, yarmarkanın açılışında iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbirin təşkilatı vəziyyəti ilə yaxından tanış olub, müvafiq tapşırıqlarını verib.
Nazir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin yeni islahatlar kursunda ölkədə məşğulluq imkanlarının artırılması, işsiz və işaxtaran iş yerləri ilə təmin olunması xüsusi yer tutur:
“Dövlət başçısının tapşırığına uyğun olaraq, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə dövlət və qeyri-dövlət sektoruna aid iri işəgötürənlər arasında işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təmin edilməsi üçün müvafiq tədbirlər görülür. Həmin işəgötürənlər tərəfindən vakant iş yerlərinin yaradılması və bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aidiyyəti üzrə məlumatların verilməsi nəzərdə tutulub. Artıq hansı işəgötürən tərəfindən nə qədər vakant iş yerinin yaradıla biləcəyi barədə nazirliyə konkret göstəricilər əsasında məlumatlar da verilir. Bu proses məşğulluq mərkəzlərinə müraciət edən işsiz və işaxtaran insanların qısa müddətdə münasib iş yerləri ilə təminatında mühüm dəstək olacaq”.
Nazir Bakının Nardaran qəsəbəsində sosial infrastrukturun müasir tələblərə uyğun səviyyədə yeniləşdirlməsi, qəsəbənin abadlaşdırılması, habelə qəsəbə sakinlərinin sosial problemlərinin həlli istiqamətində mühüm işlərin aparıldığını bildirib:
“Nardaran qəsəbəsində yaşayan aztəminatlı ailələrə də ünvanlı dövlət sosial yardımı ödənilir. Eyni zamanda qəsəbənin işsiz və işaxtaran sakinlərinin məşğulluğunun təmin olunması bizim diqqətimizdədir. Cari il üzrə ilk Əmək yarmarkası da burada keçirilir. Yarmarkada boş (vakant) iş yerləri təklif olunmaqla yanaşı, eyni zamanda müvafiq hallarda qəsəbə sakinlərinin əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, vətəndaşların ödənişli ictimai işlərə cəlb olunması da təmin ediləcək”.
Qeyd edək ki, tədbirdə işsiz və işaxtaran vətəndaşlara Bakı şəhəri üzrə 17-si dövlət, 65-i qeyri-dövlət sektoruna aid, 5-i isə xarici şirkət olan ümumilikdə 87 müəssisə tərəfindən 215 boş iş yeri təklif olunub.
Yarmarkada boş iş yeri təqdim edən əksər işəgötürənlərin nümayəndələri də iştirak edib. İşaxtaran vətəndaşlara boş iş yerlərinə göndərişlər verilməklə yanaşı, ayrı-ayrı sakinlər əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, haqqı ödənilən ictimai işlərə cəlb edilmələri üçün qeydiyyata alınıblar.
1news.az