Səhiyyə Nazirliyi: Azərbaycanda “donuz qripi” qeydə alınmayıb
2015-ci ilin dekabr ayından bəri bir çox ölkələrdə, eləcə də Azərbaycanla qonşu ölkələrdə müşahidə olunan gərgin epidemioloji vəziyyətə baxmayaraq, ölkəmizdə “donuz qripi” qeydə alınmayıb.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu sözləri Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva ölkədə epidemioloji vəziyyətə və virus xəstəliklərinin profilaktikası istiqamətində görülən işlərə dair mətbuat konfransında səsləndirib.
Bununla belə respublikada “donuz qripi”nə qarşı mübarizə üçün bütün zəruri dərman preparatlarının olduğunu deyən A.Əliyevanın sözlərinə görə, yaranmış vəziyyət profilaktik, müalicəvi xarakterli və epidemiya əleyhinə tədbirlərin həyata keçirilməsi üçün qüvvə və ehtiyatların səfərbərliyini tələb edir:
“Bu məqsədlə nazir Oqtay Şirəliyev “Donuz qripi xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmr imzalayıb. Respublikanın tibb müəssisələrinin rəhbərlərinə səhiyyə “donuz qripi” haqqında məlumatlandırmaq tapşırılıb. Sənəddə virusa yoluxmaqda şübhəli şəxslərin, o cümlədən uşaqların və böyüklərin xəstəxanaya yerləşdirilməsi üçün xüsusi palataların ayrılması, zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiqi, tibb heyətinin fərdi qorunma vasitələri ilə təmini, habelə dezinfeksiya işlərinin aparılmasına xüsusi diqqət ayırmağın zəruriliyi qeyd edilib.
Məsələn, əmrin icrası ilə əlaqədar bu ilin təkcə yanvar ayında 300-dən çox adam müayinə olunub, onlardan laboratoriya şəraitində analiz götürülüb. Analiz nümunələri pasiyentlərdə donuz qripi (H1N1) əlamətlərinin olmadığını göstərib. H1N1 virusuna yoluxmaqda şübhəli olanların əksəriyyətində mövsümi qrip virusunun (H3N2) əlamətləri aşkar olunub. Ümumilikdə, 2015-ci ildə donuz qripi virusu üzrə 1400 analiz nümunəsi götürülüb. Bundan başqa, yanvar tətilində Bakı, Gəncə, Sumqayıt və Mingəçevirin 471 məktəbində və 417 uşaq bağçasında dezinfeksiya işləri aparılıb”.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini “donuz qripi”nin Naxçıvan MR-ə çatmasına dair suala cavab verərək bildirib ki, informasiya həqiqəti əks etdirmir. A.Əliyeva vurğulayıb: “Əlbəttə ki, Naxçıvan MR-də də kəskin respirator virusları tapılır, lakin “donuz qripi”nə yoluxma faktı aşkar edilməyib. Heç kim şayiələrə inanmasın”. Onun sözlərinə görə, Zika virusunun Azərbaycana çatma ehtimalı sıfıra bərabərdir.
“Hazırda bu virus əsasən Braziliyada yayılıb. Virusun daşıyıcısı “Aedes aegypti” ağcaqanadıdır. Bu isə Azərbaycanda yoxdur”, – deyə A.Əliyeva qeyd edib.
Direktor müavini mətbuat konfransı iştirakçılarını “donuz qripi”nin simptomları barədə məlumat verərək deyib: “Bu qrip mövsümi qripdən ağır olur. Xəstələnmə intoksikasiya əlamətləri, o cümlədən qusma, ishal, güclü baş ağrısı, yüksək temperatur, nəfəs almanın çətinliyi, boğulma ilə müşayiət edilir. Ağırlaşma xəstəliyin 2-3-cü günündə baş verir, halbuki adi qripdə bu, 10-15 gündən sonra olur. Ağırlaşma vaxtı daxili orqanlar, xüsusilə ağ ciyər zədələnir. Virus hava-damcı yolu ilə ötürülür. Xəstəliyin əlamətləri göründüyü halda dərhal tibb müəssisəsinə müraciət etmək, maska taxmaq, şəxsi gigiyenaya riayət etmək lazımdır. Vətəndaşlara, həmçinin epidemioloji durumu yaxşı olmayan ölkələrə, mədəni-kütləvi tədbirlərə və adamların kütləvi toplaşdığı yerlərə getməmək tövsiyə olunur”.
1news.az