AMEA-nın iki institutu birləşdirilib
Bu gün AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.
1news.az-ın məlumatına görə, yığıncaqda ilk olaraq AMEA-nın prezidenti, akademik Akif Əlizadə Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadəyə 70 illik yubileyi münasibətilə AMEA-nın Fəxri Fərmanını təqdim edib.
Sonra AMEA Biologiya və Tibb Elmləri, Yer Elmləri və Aqrar Elmlər bölmələrinin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətlərinə dair hesabatları dinlənilib. Hesabat məruzələrində sözügedən bölmələrin həm fundamental elmi-tədqiqat işləri, həm də tətbiqi xarakterli elmi-texniki tədqiqatları haqqında məlumat verilib.
2015-ci ildə keçirilmiş konfrans və simpoziumlardan, beynəlxalq elmi əməkdaşlıq əlaqələrindən danışılıb, müəssisələrin mühüm elmi nəticələri açıqlanıb.
İclasda bir sıra elmi-təşkilati məsələlər də müzakirə edilib. İlk olaraq AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev İnformasiya Texnologiyaları İnstitutunda yaradılan Viki-Mərkəzin 2014-2015-ci illər üzrə fəaliyyəti haqqında məlumat verib. Akademik bildirib ki, AMEA-nın institut və təşkilatlarının, elmi mərkəzlərin, alim və mütəxəssislərin bu layihəyə fəal şəkildə qoşulmasının təmin edilməsi məqsədilə Rəyasət Heyəti 2014-cü ilin yanvarın 15-də qərar qəbul edib. Akademik-katib qeyd edib ki, bu qərarı rəhbər tutaraq Viki-Mərkəz vətəndaşlar arasında “Vikipediya”nın populyarlaşdırılması və orada AMEA əməkdaşlarının Azərbaycanın maraqlarına uyğun fəaliyyətə cəlb edilməsi üçün mühüm işlər görür. Mərkəz həmçinin ölkəmizə qarşı real və potensial təhlükə mənbələrinin vaxtında aşkar edilməsi və qarşısının alınması istiqamətində fəaliyyət göstərir.
Sonra bir qrup gənc alimin AMEA-nın Fəxri Fərmanı ilə təltif edilməsi məsələsi müzakirə olunub. Akademik Rasim Əliquliyev Azərbaycan Respublikası Prezidentinin "Gənclər üçün Prezident Mükafatı"nın təsis edilməsi haqqında" 02 iyul 2013-cü il tarixli Fərmanını xatırladıb. Bildirib ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin qeyd olunan fərmanın icrasını təmin etmək məqsədilə imzaladığı 29 oktyabr 2015-ci il tarixli sərəncama əsasən Akademiyanın elmi tədqiqat müəssisələrinin rəhbərlərinə elmdə yüksək nailiyyətlər əldə edən gənc alimlərin namizədliyini elmi bölmələrə təqdim etmələri tapşırılıb. Rəyasət Heyəti “Gənclər üçün Prezident Mükafatı”na AMEA-dan təqdim olunan namizədin seçim mərhələsində bilik və bacarıqlarına görə xüsusi fərqlənən bir qrup gənc əməkdaşın AMEA-nın Fəxri Fərmanı ilə təltif edilməsi haqqında qərar qəbul edib.
Tədbirdə müzakirə olunan növbəti məsələ AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Eroziya və Suvarma İnstitutunun birləşdirilməsi haqqında olub. Rəyasət Heyəti adları çəkilən institutların birləşdirilərək Torpaqşünaslıq və Aqrokimya İnstitutu adlandırılmasını məqsədəuyğun hesab edib və bu barədə AMEA-nın Ümumi yığıncağı qarşısında vəsatət qaldırılması haqqında qərar qəbul edib.
İclasın sonunda kadr məsələsinə baxılıb. AMEA Rəyasət Heyətinin qərarı ilə Nazim Sadıqov AMEA Akademiya şəhərciyinin müdiri vəzifəsindən azad edilib. AMEA Rəyasət Heyətinin digər qərarı ilə Bayram Babayev AMEA Akademiya şəhərciyinin müdiri vəzifəsinə təyin edilib.
1news.az