Vaşinqtonda Azərbaycandakı biznes mühiti barədə təqdimat keçirilib
Fevralın 4-də ABŞ-ın Ticarət Nazirliyi və Vaşinqton şəhəri Ticarət Palatasının təşkilatçılığı ilə baş tutan ABŞ şirkətləri üçün yeni ticarət imkanlarına həsr olunmuş tədbir çərçivəsində Azərbaycanın biznes mühiti və investisiya imkanları barədə təqdimat keçirilib.
Adıçəkilən tədbir Vaşinqton şirkətləri üçün xarici ölkələrin biznes mühiti barədə görüşlər silsiləsinə daxildir və bu, 2016-cı ilin ilk belə görüşü olub. Belə tədbirlər Vaşinqtonda fəaliyyət göstərən iş adamları üçün maraq kəsb edən regionlara həsr edilir. Vaşinqtonun diplomatik və biznes dairələrinin nümayəndələrinin qatıldığı görüş zamanı Azərbaycanla yanaşı, Gürcüstan və Oman Sultanlığının da təqdimatı keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbov çıxış edərək, ölkəmizin strateji əhəmiyyəti və son illərdə əldə etdiyi nailiyyətlər barədə məlumat verib. Diplomat ölkəmizin tarixi və Azərbaycan ilə ABŞ arasında mövcud olan strateji tərəfdaşlıq, ölkə rəhbərliyinin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində respublikamızın regionun liderinə çevrilməsi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi irimiqyaslı layihələrin həyata keçirilməsi, həmçinin Azərbaycanın “Cənub qaz dəhlizi” vasitəsilə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfəsi barədə tədbir iştirakçılarını məlumatlandırıb. O, Azərbaycanın Cənubi Qafqaz regionunda ABŞ-ın ən böyük ticarət tərəfdaşı olduğunu və bu əlaqələrin inkişafı üçün geniş imkanların mövcudluğunu qeyd edib. Azərbaycanda 250-dən çox ABŞ şirkətinin qeydiyyatdan keçdiyini deyən müşavir tərəflər arasında enerji, informasiya-kommunikasiya texnologiyaları, sənaye, nəqliyyat, tikinti və maliyyə xidmətləri sahəsində sıx əlaqələrin qurulduğunu diqqətə çatdırıb.
Daha sonra çıxış edən ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Süsən Sadıqova tədbir çərçivəsində ölkəmizin biznes mühiti, o cümlədən Azərbaycanda qeyri-neft sektorunda həyata keçirilən sərmayə layihələri ilə bağlı ətraflı məlumat verib. O, ölkəmizdə xarici investorlar üçün yaradılan şərait və aparılan islahatlardan danışaraq, Azərbaycanın bu baxımdan cəlbedici ölkə olduğunu vurğulayıb. S.Sadıqova amerikalı iş adamlarını Azərbaycanla fəal əməkdaşlığa dəvət edərək, ABŞ-Azərbaycan Ticarət Palatasının bu kontekstdə lazımi dəstək göstərməyə hazır olduğunu bildirib.
Qonaqlara, həmçinin Azərbaycanın iqtisadi potensialı, ölkəmizdən keçən beynəlxalq nəqliyyat şəbəkəsi və genişlənən turizm imkanları haqqında bukletlər və digər çap materialları paylanıb.
AZƏRTAC