Heydər Əsədov Tovuz şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb – FOTO
Fevralın 9-da kənd təsərrüfatı naziri Heydər Əsədov Tovuz şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Tovuz rayon Mədəniyyət Evində keçirilən görüşdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların rəhbərləri, sahibkarlar, ziyalılar iştirak ediblər.
Görüşdə çıxış edən Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov son illər rayonda görülən işlər, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər və nəzərdə tutulan layihələr barədə məlumat verib, Prezident İlham Əliyevin tapşırığı ilə bölgələrdə ictimaiyyət nümayəndələri ilə keçirilən görüşlərin əhəmiyyətini diqqətə çatdırıb.
Kənd təsərrüfatı naziri H.Əsədov görüşdə çıxış edərək dünyada baş verən iqtisadi proseslər, enerji və maliyyə bazarlarında yaranmış vəziyyət, bunun ölkəmizə təsirləri barədə danışıb. Bildirib ki, Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı, neftdən asılılığın azaldılması, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atdığı qətiyyətli addımlar nəticəsində dünya qlobal böhranının Azərbaycan iqtisadiyyatına təsiri minimuma endirilib.
Vurğulanıb ki, Prezident İlham Əliyev ölkədə əlverişli biznes mühitinin yaradılmasına yönəlmiş çoxsaylı fərman və sərəncamlar imzalayıb, sahibkarlıq subyektlərində yoxlamalar dayandırılıb, lisenziyaların verilməsi proseduru və kreditlərin ödənişi sadələşdirilib. Ölkəyə valyuta axınını artırmaq, ixracın stimullaşdırılmasını təşviq etmək məqsədilə sahibkarlara lazımi şərait yaradılıb.
Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması ilə bağlı məsələlərə də toxunan H.Əsədov bildirib ki, buna nail olmadan yüksək məhsuldarlıq əldə etmək mümkün deyil. Nazir fikrini statistik göstəricilərlə əsaslandırıb:
“Hazırda ölkədə 2 milyon 200 min iribuynuzlu mal-qara var. Bu heyvanların əksəriyyəti həm az məhsul verir, həm də örüş-otlaqlarda torpaqları deqradasiyaya uğradır. Halbuki, cins tərkibini yaxşılaşdırmaqla mal-qaranın ümumi sayını 400-500 min başadək azaltmaq mümkündür. Eyni zamanda, heyvanları qapalı şəraitdə bəsləməklə örüş-otlaq sahələrini yem, yaxud əkin dövriyyəsinə cəlb etmək olar”.
Görüşdə suvarma suyuna tələbatı ödəmək məqsədilə həyata keçirilən infrastruktur layihələri haqqında da ətraflı məlumat verilib. H.Əsədov bildirib ki, yeni kanalların çəkilməsi, suvarma şəbəkələrinin qurulması, subartezian quyuların qazılması ilə yanaşı, bu sahədə yeni təsərrüfatçılıq metodları da tətbiq olunmalıdır. Bu metodlara üstünlük verən sahibkarlara müvafiq texnikaların alınmasında “Aqrolizinq” ASC vasitəsilə güzəştlər ediləcək.
Ötən il dünyada hökm sürən iqtisadi və maliyyə probleminə baxmayaraq, Azərbaycanda kənd təsərrüfatının istehsalında 6,6 faiz artım qeydə alınıb. Bunun yüksək nəticə olduğunu bildirən nazir vurğulayıb ki, aqrar sektorun inkişafı və fermerlər üçün yaradılmış münbit şərait yaxın gələcəkdə kənd təsərrüfatı məhsulları istehsalını daha da artırmağa imkan yaradacaq.
Milli Məclisin deputatı Qənirə Paşayeva görüş iştirakçılarını son illər parlamentdə kənd təsərrüfatının inkişafı istiqamətində qəbul edilən qanunlar barədə məlumatlandırıb. Qeyd edib ki, su problemi həlli olunarsa, Tovuz rayonunda üzümçülüyün, taxılçılığın, kartofçuluğun inkişafında ciddi irəliləyişlərə nail olmaq mümkündür.
Görüşdə sahibkarlardan Nəriman Ələsgərov, Ərzuman Əhmədov, Şahin Qarayev, Sürəyya İsmayılova və başqaları çıxış edərək qarşılaşdıqları problemlərdən danışıb, müvafiq təkliflər irəli sürüblər. Səsləndirilən təkliflər əsasən suvarma suyu, Çeyrançöl qışlağına gedən yolun təmiri, toxumla təminat və digər məsələlərlə bağlı olub.
Həmin gün nazir H.Əsədov “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə də görüşüb. Tovuz rayonu üzrə 156 hüquqi və fiziki şəxsə ümumilikdə 4 milyon 286,6 min manat dəyərində 276 ədəd müxtəlif texnika lizinqə verilib. Kənd təsərrüfatı texnikalarına güzəştlərin tətbiqi üzrə xüsusi komissiyanın qərarına əsasən, 2 milyon 600,3 min manat dəyərində 165 müxtəlif texnikaya 970,5 min manat məbləğində güzəştlər edilib.
Görüş çərçivəsində 18 istifadəçiyə lizinqə verilmiş, ümumilikdə, 521 min 630 manat dəyəri olan 42 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına 193 min 252 manat məbləğində güzəşt tətbiq edilib. Xüsusi komissiyanın qərarına əsasən, istifadəçilərlə tətbiq olunmuş güzəşt əsasında yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 15 ədəd müxtəlif kənd təsərrüfatı texnikasının sahibkarların mülkiyyətinə verilməsi və onların Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınması həyata keçirilib. Eyni zamanda, “Aqrolizinq” ASC-dən lizinq yolu ilə əldə etdikləri kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərə də güzəşt üçün elektron ərizə verilməsi üçün xidmət göstərilib.
Sonda nazirin tapşırığına əsasən, rayon sakini Qədir Qəhrəmanovun müraciəti nəzərə alınaraq, ona “Belarus-89.2” markalı traktorun növbədənkənar lizinqə verilməsi yerində rəsmiləşdirilib.
1news.az