Əbülfəs Qarayev BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəsi ilə görüşüb
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev BMT-nin Azərbaycandakı Nümayəndəliyinin İnkişaf Proqramının rezident səlahiyyətlərini icra edən Ercan Muratın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
1news.az-ın məlumatına görə, görüşdə Nazirliklə təşkilat arasında həyata keçirilən layihələr və gələcəkdə planlaşdırılan əməkdaşlıq əlaqələri müzakirə edilib.
Nazir Ə.Qarayev təşkilatla əməkdaşlıqdan məmnunluğunu ifadə edərək bildirib ki, bu vaxta qədər həyata keçirilən layihələr uğur qazanmış və mədəniyyət və turizm sahələrində əhəmiyyətli rola malik olub.
Görüş zamanı turizmin təbliği istiqamətində, həmçinin turizm təhsili üzrə təcrübə mübadiləsinin aparılması, dünya təcrübəsinin ölkəmizdə tətbiqi kimi məsələlər haqqında müzakirələr, eləcə də bu sahədə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Nazir həmçinin, 2016-cı ilin 25–27 aprel tarixlərində Bakı şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu və 2016-cı ilin “Multikulturalizm ili” elan olunması haqqında məlumat verib.
1news.az