Yanvar ayında 1145 əcnəbi Azərbaycandan deportasiya olunub
Yanvar ayı ərzində 1569 əcnəbi tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat veriblər.
Məlumata görə, onlardan 4-nün Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 101 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 1145 əcnəbinin Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmələri, 319 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.
Ümumiyyətlə, ay ərzində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 7403 müraciət daxil olub.
Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 41576 əcnəbinin müraciəti qeydə alınıb.
Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri nəticəsində 20 nəfər Banqladeş Xalq Respublikasının, 5 nəfər Pakistan İslam Respublikası və 3 nəfər Özbəkistan Respublikasının vətəndaşı saxlanılıb.
Araşdırma zamanı Banqladeş vətəndaşları Nahid Neovaz və digərlərinin Azərbaycan-İran-Türkiyə-Avropa marşrutu üzrə qanunsuz miqrasiyanı təşkil etdikləri müəyyən olunub. Qanunsuz miqrasiya ilə bağlı aşkar edilmiş faktlar üzrə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
1news.az