Mətbuat Şurası iki sayta xəbərdarlıq edib
Mətbuat Şurası xeber.info və arqument.az saytlarına xəbərdarlıq edib.
1news.az-ın məlumatına görə, buna səbəb 29 yanvar tarixində adıçəkilən saytlarda Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev haqqında böhtan və şantaj xarakterli yazının dərc edilməsidir.
Mətbuat Şurasının Şikayətlər üzrə Koomissiyasının 5 fevral 2016-cı il iclasında xeber.info və arqument.az saytlarında verilən sözügedən yazılarda “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası qanunvericiliyinin və “Jurnalistlərin Peşə Davranışı Qaydaları”nın pozuntusu hallarına yol verildiyi qeyd olunub. İclasda iştirak edən hər iki KİV rəhbəri Şuranın etiraz müraciəti ilə razılaşdıqlarını və MŞ-nın çıxaracağı qərarın icrasına hazır olduqlarını vurğulayıblar.
Mətbuat Şurasının Şikayətlər üzrə Koomissiyası hər iki sayta xəbərdarlıq elan etməklə, şikayətin predmeti olan materialın saytdan götürülməsi, təkzib verilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevdən üzr istənilməsi haqqında rəy verib.
Bu gün xeber.info və arqument.az saytları sözügedən yazı ilə bağlı təkzib xarakterli məlumat dərc edib və Şura sədri Azay Quliyevdən üzr istəyiblər.
1news.az