Kəmaləddin Heydərov Qəbələ ictimaiyyətinin nümayəndələri ilə görüşüb - FOTO
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov fevralın 11-də Qəbələ rayonunda ictimaiyyət nümayəndələri ilə görüşüb.
Bu haqda 1news.azAPA-ya istinadla verdiyi xəbərə görə, Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək, son illər rayonda həyata keçirilən tədbirlər və nəzərdə tutulan layihələr barədə məlumat verib. Rayon rəhbəri bildirib ki, son illər Qəbələdə üzüm emalı zavodu, meyvə şirələri və şərab istehsalı zavodu, piano və lift istehsalı fabrikləri, iri heyvandarlıq kompleksləri və soyuducu anbarlar, quşçuluq təsərrüfatları, 18 müasir otel və istirahət mərkəzi, müxtəlif idman və əyləncə mərkəzləri inşa edilib və bunun nəticəsində minlərlə sakin daimi işlə təmin olunub.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin nitqindən irəli gələn məsələlər, verilən tapşırıqlar barədə məlumat verib.
Nazir dünyada baş verən iqtisadi böhrandan danışaraq qeyd edib ki, bu proseslər neftin qiymətinin və manatın məzənnəsinin aşağı düşməsi ilə nəticələnib: " Lakin dövlət başçısı İlham Əliyevin verdiyi tapşırıqlar, imzaladığı fərman və sərəncamlar, qanunlara edilən dəyişikliklər onu göstərir ki, Azərbaycan öz iqtisadiyyatını daha da gücləndirəcək və əhalinin sosial rifahı yüksələcək".
K.Heydərov bildirib ki, Qəbələ rayonunun böyük turizm imkanları var. Rayonda turizmin inkişafı istiqamətində mühüm işlər görülüb və bu istiqamətdə tədbirlər davam etdirilir. Nazir iş adamlarına Qəmərvan və Yengicə kəndlərindəki yeraltı müalicəvi mineral isti sulardan səmərəli istifadə etməyi tövsiyə edib. O, rayonda sənayenin, kənd təsərrüfatı və turizmin inkişafı üçün son illər görülən işlərin bəhrə verdiyini və bu istiqamətdə yeni layihələrin icrası üçün təkliflərin qəbul olunduğunu bildirib.
Nazir bildirib ki, prezidentin tapşırığı ilə yerlərdə keçirilən görüşlərdə məqsəd vəziyyətlə, əhalinin yaşayış səviyyəsi ilə daha yaxından tanış olmaq, problemləri, yerli iş adamlarının üzləşdikləri çətinlikləri öyrənib, onların həlli istiqamətində addımlar atmaqdır. O, ictimaiyyət nümayəndələrindən Qəbələnin inkişafı üçün təkliflər verməyə, müzakirədə fəal olmağa çağırıb.
Rayonun iş adamları və fermerlər çıxış edərək öz fəaliyyət sahələri barədə məlumat veriblər. Nic qəsəbə sakini olan fermer Ağalət Baxışov heyvandarlıq və quşçuluq üçün yem istehsalının artırılması və xırda istehsal sexlərinin yaradılması, sahibkar Ceyhun Eyvazov rəhbərlik etdiyi seyf qapı və məişət avadanlıqları istehsalı fabrikinin fəaliyyətinin genişləndirilməsi, iş adamı Abdulla Həşimov Vəndam xalçaçılıq sexinin inkişaf etdirilməsi, “ASPİ” Aqro” MMC-nin nümayəndəsi Əjdər Şəfizadə istehsal etdikləri şərab məhsullarının xarici ölkələrə ixracının təşkilinə köməklik, Səxavət Nəzirov bağçılığın inkişafına dəstək, Qurbanəli Daşdəmirov Yengicə kəndində rayonun əkin sahələrinin suvarılmasına kömək məqsədilə su anbarının inşası, Tofiq Şükürov balıqçılığın inkişafı, Oqtay Xankişiyev “Qəbələ-Quşçuluq”ASC-nin fəaliyyətinin genişləndirilməsi və yeni iş yerlərinin açılması üçün dövlət tərəfindən maddi yardımın göstərilməsini təklif ediblər.
Görüşdə Qəbələ sakinlərinin məşğulluğunun təmin edilməsi, sosial müdafiəsinin gücləndirilməsi, iqtisadiyyatın dinamik inkişafı və rayonda potensial imkanların hərəkətə gətirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Nazir deyib ki, qeyri-neft sektorunun inkişafı üçün Qəbələnin torpaqlarından səmərəli istifadə edilməli, ixracyönümlü məhsulların istehsalına diqqət artırılmalıdır. Nazir həmçinin yaxın vaxtlarda Qəbələnin öz potensial imkanlarından səmərəli istifadə edərək, dotasiyadan çıxacağına ümid etdiyini bildirib.
1news.az