İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının iclası keçirilib
İqtisadiyyat Nazirliyində yaradılmış Apellyasiya Şurasının ilk iclası keçirilib.
1news.az-ın nazirliyə istinadən verdiyi xəbərə görə, iclasda Şuranın fəaliyyətinin təşkili istiqamətində görülmüş işlər müzakirə olunub.
Bildirilib ki, Apellyasiya Şurasının yaradılmasından sonra iqtisadiyyat nazirinin müvafiq əmrləri ilə “İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurası haqqında” Əsasnamə, həmçinin Şuranın və onun Katibliyinin tərkibi təsdiq edilib.
İclasda Şura tərəfindən sahibkarların şikayətlərinin araşdırılmasının çevikliyinin təmin edilməsi və sənəd təminatı işlərinin təşkili məsələləri müzakirə olunub, əsassız yazışmalara yol verilməməsi və işin səmərəli təşkili üçün Apellyasiya Şurasında baxılacaq şikayətlərin məzmun üzrə təsnifləşdirilməsi meyarlarının müəyyən olunması, Şuranın Katibliyinin fəaliyyətini tənzimləyən metodiki reqlamentin hazırlanması və sahibkarların elektron qaydada da müraciət etməsi üçün texniki imkanların yaradılması işlərinin sürətləndirilməsi qərara alınıb.
Qeyd edək ki, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun rəhbərlik etdiyi və 7 nəfərdən ibarət Apellyasiya Şurasının tərkibinə nazirliyin müvafiq strukturlarının məsul əməkdaşları daxildir.
Onu da bildirək ki, İqtisadiyyat Nazirliyi yanında Apellyasiya Şurası Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Fərmanına uyğun olaraq yaradılıb.
1news.az