Natiq Əliyev: “Gaz de France” şirkəti Azərbaycandan 65 milyard kubmetr həcmində qaz alacaq
“Şahdəniz-2” yatağından hasil ediləcək qazın 9 şirkət arasında ən böyük alıcısı Fransanın “Gaz de France” şirkətidir. Şirkət 65 milyard kubmetr Azərbaycan qazı alacaq.
1news.az-ın Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu sözləri energetika naziri Natiq Əliyev Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez ilə keçirdiyi görüşdə deyib.
Azərbaycan ilə Fransa arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan N.Əliyev bu əlaqələrin bir çox sahələrdə, eləcə də energetika sahəsində dinamik əməkdaşlıqla müşayiət edildiyini bildirib.
İkitərəfli münasibətlərin möhkəmlənməsində dövlət başçılarının səfərlərinin mühüm əhəmiyyət daşıdığını deyən N.Əliyev bunu qarşılıqlı anlaşmanın göstəricisi kimi dəyərləndirib. Bildirilib ki, Fransa şirkətləri Azərbaycanın neft-qaz və neft məhsulları sənayesində yaxından iştirak edirlər. Belə ki, “Total” şirkəti Bakı-Tbilisi-Ceyhan neft kəmərini idarə edən konsorsiumun 5 faizinə və “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” layihəsində isə 10 faizlik iştirak payına malikdir. Bundan başqa, “Total” və “Gaz de France” şirkətləri ilə “Abşeron” yatağı üzrə əməkdaşlıq enerji sahəsindəki əlaqələrə töhfədir.
Nazir bildirib ki, “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsindən hasil ediləcək qazın 9 şirkət arasında ən böyük alıcısı məhz Fransanın “Gaz de France” şirkətidir. Belə ki, şirkət 65 milyard kubmetr Azərbaycan qazı alacaq. N.Əliyev Fransa ilə enerji sahəsində uzun illər əməkdaşlıq etmək üçün kifayət qədər imkanların olduğunu diqqətə çatdırıb.
Səfir O.Buşez Fransa-Azərbaycan münasibətlərində enerji amilinin rolunu yüksək qiymətləndirərək, ölkəsinin şirkətlərinin “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşması çərçivəsində aparılan tikinti işləri, eləcə də neft emalı, neft-kimya sənayesində iştirakda maraqlı olduqlarını bildirib. Sənaye qazlarının istehsalı sahəsində ixtisaslaşmış “Air Liquide” və Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən qurulması istiqamətində “Axens” şirkətlərinin fəaliyyətinə toxunan səfir onu da əlavə edib ki, hazırda yeni enerji sahələrinin müəyyənləşdirilməsinə güclü diqqət var: “Azərbaycanda yeni enerji sahələrinin tədqiqatı məqsədilə Fransadan bir qrup mütəxəssisin səfəri planlaşdırılır”.
Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
1news.az