Gürcüstandan ölkəmizə diri heyvanların gətirilməsinə məhdudiyyət qoyulub
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) 8 fevral tarixli məlumatına əsasən Gürcüstanın Tbilisi şəhəri yaxınlığında yerləşən Varketili ərazisində xırdabuynuzlu heyvanlar arasında taun xəstəliyi qeydə alınıb.
1news.az-ın Kənd Təsərrüfatı Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikası ərazisinin başqa dövlətlərdən keçə biləcək yoluxucu və ekzotik xəstəliklərdən qorunması məqsədi ilə taun xəstəliyinin qeydə alındığı Gürcüstanın Varketili ərazisindən və risk zonasına daxil olan ərazilərdən diri iribuynuzlu və xırdabuynuzlu heyvanların idxalına müvəqqəti məhdudiyyət qoyulmasına zərurət yaranıb.
Bununla əlaqədar, “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.7-ci maddəsinə əsasən, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin 2016-cı il 11 fevral tarixli əmrinə uyğun olaraq, Gürcüstanın Varketili ərazisindən və risk zonasına daxil olan ərazilərdən diri iribuynuzlu və xırdabuynuzlu heyvanların idxalına müvəqqəti məhdudiyyət qoyulub.
Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən taun xəstəliyinin ölkəmizin ərazisinə keçməsinin qarşısını almaq məqsədi ilə müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
1news.az