ADİF: “Bank of Azerbaijan” və “Gəncəbank”-ın qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi davam edir
Seçilmiş agent banklar tərəfindən sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC-nin sənədləri qaydasında olan qorunan əmanətçilərə 19,6 mln. manatdan artıq kompensasiya ödənilib.
Bu barədə 1news.az-a Əmanətlərin Sığortalanması Fondundan (ADİF) məlumat verilib.
Bundan əlavə, ADİF ictimaiyyətin diqqətinə çatdırır ki, 30 iyul 2007-ci ildən Fonda üzv olan “Gəncəbank”ASC-də 28 yanvar 2016-cı il tarixində sığorta hadisəsi baş verib.
Sığorta hadisəsi baş vermiş “Gəncəbank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 04 fevral 2016-cı il tarixindən etibarən başlanılıb. Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 394 min manatdan artıq kompensasiya ödənilib.
Ərizə formalarını “Bank of Azerbaijan” ASC və “Gəncəbank”ASC-nin qorunan əmanətçiləri Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bül-Bül prospekti 40 ünvanında yerləşən ofisindən, sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC və “Gəncəbank”ASC-nin filiallarından, Agent Bankların filiallarından və www.adif.az saytından əldə edə bilərlər.
Fond əmanətçilərin ərizələrini kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.
Sığorta hadisəsinə görə Fond tərəfindən hər bir qorunan əmanətçiyə 100% həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.
1news.az