Dövlət Statistika Komitəsində Apellyasiya Şurası yaradılıb
Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" Fərmanının icrası olaraq, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində Apellyasiya Şurası və Şuranın Katibliyi yaradılıb, onların tərkibi təsdiq edilib.
Komitədən 1news.az-a bildirilib ki, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədilə yaradılan Apellyasiya Şurasına Dövlət Statistika Komitəsinin sədrinin birinci müavini Vahab Məmmədov sədr təyin edilib.
Apellyasiya Şurasının və onun Katibliyinin tərkibinə komitənin aidiyyəti struktur bölmələrinin məsul vəzifəli əməkdaşları daxildir. Komitənin statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri Qasım Əliyev, keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsinin müdiri Vüqar Məmmədəlizadə, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Suleymanov, ticarət statistikası şöbəsinin müdiri Aida İbrahimova, sənaye və tikinti statistikası şöbəsinin müdiri Hacıbala Dadaşov, kənd təsərrüfatı statistikası şöbəsi müdirinin müavini Gündüz Məmmədov Apellyasiya Şurasının üzvləri təyin olunublar.
Şuranın Katibliyinin rəhbəri vəzifəsinə Dövlət Statistika Komitəsinin ümumi şöbəsinin müdiri Viktoriya Muradova, üzvləri isə insan resursları və hüquqi təminat sektorunun baş məsləhətçi-hüquqşünası Vüsalə Alıyeva, milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin müəssisələr statistikası sektorunun baş məsləhətçisi Səbinə Dadaşova təyin ediliblər.
Apellyasiya Şurası Bakı şəhəri İnşaatçılar prospekti 81 ünvanında - Dövlət Statistika Komitəsinin inzibati binasında fəaliyyət göstərəcək.
1news.az