Azərbaycan Prezidentinin tapşırıqlarının icrası ədliyyə orqanlarının diqqət mərkəzindədir
Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə geniş kollegiya iclası keçirilib.
Bu haqda 1news.az xəbər verir ki, nazirliyin struktur qurumlarının, regional və yerli ədliyyə orqanlarının rəhbər şəxslərinin, gənc ədliyyə işçilərinin, ictimaiyyət və media nümayəndələrinin iştirak etdikləri kollegiya iclasında Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə cari ilin yanvarında keçirilmiş Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına və ölkənin sosial-iqtisadi inkişafına dair iclaslarda verdiyi tapşırıqlarla bağlı ədliyyə orqanlarının qarşısında duran vəzifələr müzakirə olunub.
Nazir F.Məmmədov ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyasının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini, respublikamızın sabit və təhlükəsiz ölkə kimi davamlı sosial-iqtisadi tərəqqisini vurğulayıb, dünyada hökm sürən maliyyə və iqtisadi böhranın iqtisadiyyatımıza və əhalimizin yaşayış durumuna mənfi təsirinin azaldılmasında dövlətimizin güclü siyasi iradəsini qeyd edib.
Bildirilib ki, dövlətimizin başçısının yeni qlobal çağırışlara uyğun həyata keçirdiyi köklü iqtisadi islahatlar, qətiyyətli addımlar qlobal iqtisadi böhranın Azərbaycana təsirini minimuma endirir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qeyri-neft sektorunun və azad sahibkarlığın inkişafı, yerli istehsalın sürətləndirilməsi, insanların sosial müdafiəsinin gücləndirilməsi, süni qiymət artımının qarşısının alınması və bu sahədə dövlət nəzarətinin artırılması üzrə kompleks tədbirlərin görülməsi, korrupsiyaya qarşı mübarizədə, iş adamlarının hüquqlarının təmin olunmasında, ictimai münasibətlərin müasir tələblərə uyğun tənzimlənməsində dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi əhalinin mənafelərinə və sosial-iqtisadi tərəqqiyə xidmət edir.
Nazirliyin yeni istifadəyə verilmiş və müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş akt zalında keçirilən iclasda ədliyyə orqanları tərəfindən görülmüş işlər İKT vasitəsilə əyani təqdimatla müşayiət olunmaqla təhlil edilib. Qeyd olunub ki, 2015-ci ildə ədliyyə fəaliyyətinin təkmilləşdirilməsinə dair dövlətimizin başçısının tapşırıqlarının icrası üzrə mühüm tədbirlər həyata keçirilib.
Diqqətə çatdırılıb ki, 2015-ci ildə nazirlik tərəfindən iqtisadi inkişafa, əhalinin maddi və sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş 780 qanunvericilik aktının layihəsi hazırlanıb, ictimai həyatın müxtəlif sahələrini tənzimləyən 2670 belə akt hüquqi ekspertizadan keçirilib. Milli qanunvericiliyin elektron bazasına 2330 sənəd daxil edilib. İl ərzində həmin bazaya vətəndaşlar tərəfindən 180 mindən çox başçəkmə olub.
Dövlətimizin başçısının vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları diqqətdə saxlanılaraq 42 mindən çox vətəndaşın müraciətinə baxılıb, 9800-ə yaxın vətəndaş nazirlikdə, bölgələrdə və “virtual qəbul” məntəqələri vasitəsilə qəbul edilib, qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb.
Notariat orqanlarında aparılan əməliyyatların sayı 3,3 milyonu ötüb, 344 mindən çox vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib. Bu əməliyyatlarla bağlı 37 milyon manatadək dövlət rüsumu və haqq ödənilib. Vətəndaş məmnunluğu doğuran və 7 milyon insanın faydalandığı Azərbaycanın milli brendinə çevrilmiş “ASAN xidmət” mərkəzləri çərçivəsində 1,7 milyon əməliyyat ədliyyə orqanları tərəfindən həyata keçirilib. Vətəndaşlar nazirlik tərəfindən göstərilən 20 elektron xidmətdən yararlanıblar. “Elektron notariat” informasiya sistemi də təkmilləşdirilərək bir çox yeni funksiyalar əlavə edilib.
Dövlət qeydiyyatına alınan qeyri-kommersiya təşkilatlarının ümumi sayı artaraq 4100-ü ötüb, KİV-lərin sayı isə 5100-ə çatmaq üzrədir.
Azərbaycan Prezidentinin sahibkarlığın inkişafına əngəllərin aradan qaldırılması ilə bağlı göstərişlərinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların reyestri xeyli təkmilləşdirilib.
Qeyd olunub ki, 2015-ci ildə əvvəlki illə müqayisədə icra işlərinin sayı 50 faizdən çox artıb. Onlardan 220 mindən çoxunun icrası təmin edilib. Hüquqi və fiziki şəxslərə 168 milyon manat vəsaitin ödətdirilməsinə nail olunub. İcra sənədlərini qərəzli icra etməyən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 5520 şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib, o cümlədən 2750 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, məhkəmə qərarlarının icrasından qəsdən yayınan 370 şəxs barəsində cinayət işi başlanılıb. Hesabat dövründə 6238 borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, məhkəmə qərarını icra etmiş şəxslərdən əvvəllər qoyulmuş məhdudiyyət götürülüb.
Məhkəmə ekspertizası mərkəzinə 41 ekspert ixtisası üzrə 27 mindən çox iş daxil olub. Ekspertlər 530 mindən çox suala cavab verməklə qaldırılmış məsələlərin 99,7 faizini həll ediblər.
Nazirliyin kadr potensialının gücləndirilməsi, o cümlədən gənclərin işlə təminatı daim diqqət mərkəzində saxlanılıb, keçirilmiş müsabiqələr nəticəsində 435 nəfər ədliyyə orqanlarına qulluğa qəbul edilib.
Ötən il penitensiar sistemin və infrastrukturun müasirləşdirilməsi, cəzaçəkən şəxslərin hüquqlarının qorunması, saxlanma şəraitinin tibbi təminatın yaxşılaşdırılması üzrə tədbirlər davam etdirilib. Məhkumların şəxsi işlərinin idarə edilməsi üzrə vahid elektron məlumat bazasının və xüsusi proqram təminatının hazırlanması bu sahədə işin səmərəsinin artırılmasında yeni imkanlar yaradıb.
Ədliyyə fəaliyyətində ictimai iştirakçılığa böyük önəm verilir, vətəndaş cəmiyyətinin nümayəndələri nazirliyin ayrı-ayrı istiqamətləri üzrə, o cümlədən penitensiar sahədə tədbirlərə cəlb olunurlar. Ədliyyə naziri yanında İctimai Komitənin üzvləri dövlətimizin başçısının humanizm siyasəti nəticəsində qəbul edilmiş əfv aktlarının icrasında, habelə məhkumların islah olunması prosesində yaxından iştirak ediblər.
İctimai Komitə üzvlərinin də iclaslarına fəal qatıldığı məhkumların cəzadan vaxtından əvvəl şərti azad edilməsi üzrə Xüsusi Komissiya səmərəli fəaliyyət göstərib, məhkəmələrə təqdim olunmuş 2300 məhkumun əksəriyyətinin müraciəti müsbət həll olunub.
Kollegiyada bu il fevralın 12-də Milli Məclisdə dinlənilmiş bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı illik məruzə barədə məlumat verilib.
Bildirilib ki, 2015-ci ildə yerli özünüidarə orqanlarının fəaliyyətinə inzibati nəzarət qaydasında 59 minə qədər bələdiyyə aktına baxılıb. Onlardan 1700 akt nazirliyin təklifləri əsasında ləğv olunub və ya dəyişdirilib, təmin edilməyən təkliflərlə bağlı məhkəmələrdə 19 iddia qaldırılıb. Bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 1400-dən çox hektar torpaq sahəsi geri qaytarılıb. 65 material hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib, həmçinin qanunvericiliyin tələblərini pozmuş 388 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Parlamentdə müzakirələr zamanı deputatlar tərəfindən bələdiyyələrin fəaliyyəti və problemlərindən çıxış yolları barədə təkliflər səsləndirilib, sonda məruzə səsə qoyularaq təsdiq edilib.
Kollegiyada, həmçinin vurğulanıb ki, 2015-ci ildə nazirliyin beynəlxalq hüquq əməkdaşlığı genişlənib, o cümlədən Pakistan və Çin ilə ölkəmiz arasında məhkumların verilməsi haqqında müqavilələr imzalanıb. Beynəlxalq öhdəliklərdən irəli gələn məsələlərlə bağlı 17 min 500-dək sorğunun icrası üzrə tədbirlər görülüb.
Tədbirdə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə işlərə toxunulub, Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakının Sabunçu, habelə Şəki məhkəmə komplekslərinin istifadəyə verilməsi qeyd olunub. Dövlətimizin başçısının bu sahədə verdiyi tapşırıqlarının icrası üzrə görülən tədbirlərdən danışılıb.
İclasda, həmçinin ədliyyə fəaliyyətində mövcud nöqsan və çatışmazlıqlar müzakirə edilib, onların aradan qaldırılmasının zəruriliyi vurğulanıb. Prezident İlham Əliyevin korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi, şəffaflığın artırılması, ictimai nəzarətin genişləndirilməsi ilə bağlı tapşırıqları diqqətə çatdırılaraq vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulmasının, etik davranış qaydalarına dönmədən əməl etməyin və vətəndaşlara qayğılı münasibətin hər bir ədliyyə işçisinin ən ümdə vəzifəsi olduğu xüsusilə qeyd olunub, konkret tapşırıqlar verilib.
Eyni zamanda, ədliyyə fəaliyyətində işin səmərəliliyinin artırılması, vətəndaşların müraciətlərinə hər zaman həssas və qayğı ilə yanaşılması, insanlarla daha çox təmasda olan ədliyyə qurumlarında vətəndaş məmnunluğunun yüksəldilməsi, məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması, ədliyyə orqanlarında əmək və icra intizamının gücləndirilməsi, vakansiyaların çevik doldurulması, maliyyə nəzarətinin yüksəldilməsi, izafi xərclərə yol verilməməsi üzrə və digər aidiyyəti tədbirlər müəyyən edilib.
İclasda iştirak edən vətəndaş cəmiyyəti institutlarının nümayəndələri çıxış edərək ölkə rəhbərliyi tərəfindən ictimai iştirakçılığa xüsusi önəm verildiyini vurğulayıb, görülən işləri müsbət qiymətləndirib, Ədliyyə Nazirliyi ilə səmərəli qarşılıqlı fəaliyyətdən məmnunluqlarını ifadə edib, bir sıra təkliflər irəli sürüblər.
Kollegiyada dövlətimizin başçısının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuralarının yaradılması haqqında Fərmanının icrası ilə bağlı vəzifələr müzakirə olunub, nazirlikdə belə şura yaradılıb. Həmçinin ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ hüquqi akt layihələrinə baxılıb, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.
1news.az