“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna dəyişiklik edildi
Milli Məclis “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edib.
1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:
“Maddə 1. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 572; 2011, № 12, maddə 1089; 2013, № 11, maddə 1318; 2014, № 1, maddə 9, № 7, maddə 777; 2015, № 2, maddələr 74, 96, № 3, maddə 253) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.0.21-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.0.22-ci maddə əlavə edilsin:
“2.0.22. İcbari Sığorta Bürosu – “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsi ilə müəyyən edilmiş qurum.”.
1.2. 11.3-cü maddədə “sığortalının yazılı müraciəti əsasında yazılı formada” sözləri “elektron sənəd formasında “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 34–1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə” sözləri ilə əvəz edilsin.
1.3. Aşağıdakı məzmunda 14.3–1-ci maddə əlavə edilsin:
“14.3–1. Sığorta vasitəçiləri sığortalılardan nağd şəkildə qəbul etdikləri sığorta haqlarını müvafiq sığortaçının hesabına bu Qanunun 11.3-cü maddəsində nəzərdə tutulmuş informasiya sistemi ilə inteqrasiya olunmuş ödəniş sistemi vasitəsilə köçürürlər. Bu ödəniş sistemi İcbari Sığorta Bürosuna bütün ödəmələr, müvafiq sığortaçıya isə onun hesabına köçürülmüş ödəmələr barədə sığorta nəzarəti orqanının müəyyən etdiyi formada elektron hesabat əldə etmək imkanı verməlidir.”.
Maddə 2. Bu Qanun 2016-cı il yanvarın 1-dən qüvvəyə minir”.
Bundan əlavə, Prezident “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 66-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 66-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.
President.az