“İcbari sığortalar haqqında” qanuna dəyişiklik edilib
Milli Məclis “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edib.
1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:
“Maddə 1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 788; 2013, № 7, maddə 776; 2014, № 7, maddə 778, № 12, maddə 1523) aşağıdakı dəyişikliklər edilsin:
1.1. Aşağıdakı məzmunda 11.3-cü və 11.4-cü maddələr əlavə edilsin:
“11.3. Sığorta vasitəçiləri bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulan icbari sığorta növləri üzrə sığortalılardan nağd şəkildə qəbul etdikləri sığorta haqlarını müvafiq sığortaçının hesabına bu Qanunun 34–1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi ilə inteqrasiya olunmuş ödəniş sistemi vasitəsilə köçürürlər. Bu ödəniş sistemi İcbari Sığorta Bürosuna bütün ödəmələr, müvafiq sığortaçıya isə onun hesabına köçürülmüş ödəmələr barədə sığorta nəzarəti orqanının müəyyən etdiyi formada elektron hesabat əldə etmək imkanı verməlidir.
11.4. Qanunla və ya qanundan irəli gələn digər normativ hüquqi aktla müəyyən olunmuş icbari sığorta haqqına hər hansı formada əlavə və ya endirim (güzəşt) tətbiq etmək, həmçinin sığorta müqaviləsinin bağlanması müqabilində sığortalılara hədiyyələr vermək və ya bu cür sövdələşmələr təklif etmək qadağandır.”.
1.2. 34-2.0.4-cü maddədən sonra nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 34-2.0.5-ci və 34-2.0.6-cı maddələr əlavə edilsin:
“34-2.0.5. hər hansı şəxsin əmək müqaviləsinin mövcudluğu, həmin müqavilənin digər tərəfinin tam adı, bağlandığı tarix və müddəti barədə məlumatlar;
34-2.0.6. orta aylıq əmək haqqı miqdarının hesablanması üçün tələb olunan məlumatlar.”.
1.3. Aşağıdakı məzmunda 50–3-cü maddə əlavə edilsin:
“Maddə 50–3. Standart və sərhəd sığorta müqavilələrinin bağlanmasına
dair əlavə tələb
Bu Qanunun 50–1.0.1-ci və 50–1.0.2-ci maddələrində nəzərdə tutulan icbari sığorta müqavilələri “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron sənəd formasında bağlanır.”.
1.4. Aşağıdakı məzmunda 52–1-ci maddə əlavə edilsin:
“Maddə 52–1. Avtonəqliyyat vasitəsinə dəyən zərərlərin tənzimlənməsi üzrə
əlavə tələb
52–1.1. Aşağıdakı şərtlərin hər birinin mövcud olduğu halda yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb edir:
52–1.1.1. zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə;
52–1.1.2. yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı bu Fəsildə nəzərdə tutulmuş mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə.
52–1.2. Zərərçəkənin bu Qanunun 52–1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada tələb irəli sürməsi onu zərərvurana qarşı zərərin sığorta məbləğindən artıq hissəsinin ödənilməsi tələbi ilə çıxış etmək hüququndan məhrum etmir.
52–1.3. Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin həmin avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyəti icbari formada sığortalamış sığortaçı tərəfindən ödənilməsi zamanı həmin sığortaçı ilə zərərvuranın mülki məsuliyyətinə görə öhdəlik daşıyan sığortaçı arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair qaydalar sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilir.”.
1.5. Aşağıdakı məzmunda 63.5-ci maddə əlavə edilsin:
“63.5. Bu Qanunun 52-1.1-ci maddəsində nəzərdə tutulmuş sığortaçı sığorta ödənişini həyata keçirdikdən sonra zərərvuranın mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıya qarşı subroqasiya hüququndan istifadə edir. Bu zaman zərərvuranın mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçı subroqasiya hüququ irəli sürmüş sığortaçı qarşısında sığorta ödənişinin bu Qanunda müəyyən edilmiş qaydada həyata keçirilməsi üçün öhdəlik daşıyır.”.
Maddə 2. Bu Qanunun 1.1-ci maddəsi 2016-cı il yanvarın 1-dən, digər müddəaları dərc edildiyi tarixdən qüvvəyə minir”.
Bundan əlavə, Prezident“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 67-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 67-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 11.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, elektron hesabat formasını və 52-1.3-cü maddəsinə uyğun olaraq, sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsi qaydalarını bir ay müddətində müəyyən etsin”.
President.az