“Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişikliklər təsdiq edilib
Milli Məclis Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 12; 2001, № 12, maddələr 731, 736; 2004, № 2, maddə 57; 2005, № 4, maddə 274, № 7, maddə 590; 2006, № 11, maddə 926; 2007, № 1, maddə 1, № 8, maddə 756, № 11, maddə 1078; 2008, № 3, maddə 155, № 8, maddələr 694, 696; 2009, № 6, maddələr 399, 406; 2010, № 2, maddə 75, № 3, maddə 171, № 4, maddə 273, № 7, maddə 599; 2011, № 2, maddə 71; 2012, № 11, maddə 1041; 2013, № 2, maddə 93) ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 115-ci maddədə “üç ildə bir dəfədən çox olmayaraq” sözləri “beş ildə bir dəfədən çox olmayaraq” sözləri ilə əvəz edilsin.
2. 115-ci maddəyə aşağıdakı məzmunda ikinci və üçüncü hissələr əlavə edilsin:
“Attestasiya olunan gömrük orqanının vəzifəli şəxslərinə onların xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.
Attestasiyanın nəticələri (qiymət və tövsiyələr), habelə attestasiya zamanı verilən suallar və cavablar 1 (bir) nüsxədə tərtib edilən, sədr, katib və attestasiya komissiyasının səsvermədə iştirak etmiş digər üzvləri tərəfindən imzalanan attestasiya vərəqəsinə yazılır.”.
3. 119-cu maddənin ikinci hissəsının birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Attestasiya komissiyası gömrük orqanının vəzifəli şəxsinin tutduğu vəzifəyə uyğun gəldiyi və ya uyğun gəlmədiyi, habelə işini yaxşılaşdırsa və komissiyanın tövsiyələrini yerinə yetirsə, 1 (bir) ildən sonra təkrar attestasiyadan keçmək şərtilə tutduğu vəzifəyə uyğun gəldiyi haqqında 3 (üç) qiymətdən yalnız birini verir.”.
4. 119-cu maddənin birinci hissəsində “qərar qəbul edir” sözləri “qiymət verir” sözləri ilə, ikinci hissənin ikinci cümləsində və 120-ci maddənin birinci hissəsinin 7-ci bəndində isə ismin müvafiq hallarında verilmiş “qərar” sözü ismin müvafiq hallarında “qiymət” sözü ilə əvəz edilsin”.
Qeyd edək ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 79-VQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 79-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.
President.az