Əhməd Davudoğlu: “Terrorizmlə mübarizədə əsla geri addım atmayacağıq”
Türkiyənin Baş naziri Əhməd Davudoğlu Ankarada baş vermiş terror aktı ilə bağlı bəyanat verib.
1news.az-ın Milliyet-ə istinadən verdiyi xəbərə görə, baş nazir bildirib ki, Türkiyə terror təşkilatlarına qarşı aparılan mübarizədən geri addım atmayacaq.
"Ölkəmizi, əziz millətimizi və demokratiyamızı hədəfə alan bu mənfur hücumu həyata keçirənlər məqsədlərinə çatmayacaqlar. Bütün terror təşkilatlarına qarşı apardığımız mübarizədə əsla geri addım atmayacağıq. Türkiyə Cümhuriyyəti öz milli təhlükəsizliyini qoruyacaq, insani dəyərləri müdafiə etməyə davam edəcək. Millətimə səbir, təmkin və mətanət arzulayıram ", - bəyanatda deyilir.
Qeyd edək ki, dünən Türkiyənin paytaxtı Ankarada güclü partlayış baş verib. Partlayış Türkiyə Böyük Millət Məclisindən 500 metr məsafədə, Türkiyənin Baş Qərargahı, hərbçilər üçün yataqxana və parlament binasının yaxınlığında baş verib. Partlayışın səbəbi minalanmış avtomobil olub.
Türkiyə Baş Qərargahı partlayışı terror aktı adlandırıb. Ölkənin baş nazir müavini Numan Kurtulmuş Ankarada baş verən partlayış nəticəsində 28 nəfərin öldüyü, 61 nəfərin yaralandığı barədə açıqlama verib.
Terror aktının əsas qurbanları hərbçilər olub, hadisə yerində olan Ankara sakinləri isə xəsarət alıb.
Türkiyənin hakim partiyası – Ədalət və İnkişaf Partiyasının nümayəndəsi Ömər Çelik Ankarada hərbi yataqxana ətrafında baş vermiş partlayışı terror aktı adlandırıb.
1news.az