Rusiyada kiberhücum səbəbindən bəzi iqtisadi göstəricilərin açıqlanması gecikir | 1news.az | Xəbərlər
Dünya

Rusiyada kiberhücum səbəbindən bəzi iqtisadi göstəricilərin açıqlanması gecikir

1news Redaksiyası17:29 - Bu gün
Rusiyada kiberhücum səbəbindən bəzi iqtisadi göstəricilərin açıqlanması gecikir

Rusiya Federal Dövlət Statistika Xidməti (Rosstat) informasiya sistemlərinə qarşı həyata keçirilən kiberhücumdan sonra bəzi iqtisadi göstəricilərin açıqlanmasında gecikmələrin yaşana biləcəyi barədə xəbərdarlıq edib.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, qurumun açıqlamasında oktyabrın 29-dan noyabrın 1-dək davam edən kiberhücumlar səbəbindən bir müddət fəaliyyətini dayandıran rəsmi internet saytının yenidən istifadəyə verildiyi bildirilib. Bununla belə, informasiya sistemlərinin tam bərpası istiqamətində işlərin davam etdiyi qeyd olunub.

Açıqlamada məlumatların təhlükəsizliyinin təmin edilməsi məqsədilə bəzi sistemlərin hələ də giriş üçün bağlı saxlanıldığı vurğulanıb.

Bildirilib ki, müəyyən statistik müşahidə formaları üzrə ilkin məlumatların quruma təqdim edilməsi üçün nəzərdə tutulan müddət noyabrın 13-dək uzadılıb. Bu səbəbdən bəzi iqtisadi göstəricilərin dərc edilməsi də gecikə bilər.

Qeyd edək ki, Rosstatın noyabrın 6-da açıqlamalı olduğu həftəlik inflyasiya və yanacaq qiymətləri ilə bağlı məlumatlar bir neçə dəfə təxirə salındıqdan sonra bu gün ictimaiyyətə təqdim edilib.

Kiberhücumdan sonra qurumun yaydığı əvvəlki açıqlamada məlumat bazalarına icazəsiz giriş əldə edilməsi və ya məxfi məlumatların sızdırılması ilə bağlı hər hansı faktın aşkarlanmadığı bildirilib.

Xatırladaq ki, Rusiya 2022-ci ildə Ukraynada müharibə başlayandan sonra bir sıra iqtisadi və kommersiya məlumatlarının ictimaiyyət üçün əlçatanlığını məhdudlaşdırıb.

Paylaş:
87

Son xəbərlər

Bütün xəbərlər