Prezident İlham Əliyev İndoneziya parlamenti Nümayəndələr Palatasının üzvlərini qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da İndoneziya parlamenti Nümayəndələr Palatasının sədr müavini Fahri Hamzahın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
1news.az-ın dövlət başçısının saytına istinadla verdiyi xəbərə görə, Prezident Azərbaycan-İndoneziya ikitərəfli əlaqələrinin yüksək səviyyəsindən məmnunluğunu bildirdi, ölkələrimiz arasında qarşılıqlı anlaşmanın və dəstəyin olduğunu vurğuladı.
Prezident İlham Əliyev Azərbaycanın İndoneziya ilə əlaqələri siyasi, iqtisadi, sərmayə qoyuluşu, mədəniyyət, turizm, təhsil, o cümlədən parlamentlərarası əməkdaşlıq və digər sahələrdə daha da inkişaf etdirməkdə maraqlı olduğunu bildirdi. Ölkələrimiz arasında əməkdaşlığın daha güclü formatının yaradılmasının zəruriliyini qeyd edən dövlətimizin başçısı İndoneziya parlamenti Nümayəndələr Palatası üzvlərinin Azərbaycana səfərinin uğurlu olacağına və əlaqələrimizin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyacağına ümidvar olduğunu dedi.
İndoneziya parlamenti Nümayəndələr Palatasının sədr müavini Fahri Hamzah təmsil etdiyi qurumun Azərbaycan parlamenti ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu dedi. Artıq Bakıda Azərbaycan-İndoneziya parlamentlərarası dostluq qrupunun yaradıldığını vurğulayan qonaq belə bir qurumun Cakartada da yaradılacağını dedi. Fahri Hamzah parlamentlərarası dostluq qruplarının fəaliyyətinin ölkələrimizin əməkdaşlıq əlaqələrinin genişləndirilməsi işinə xidmət edəcəyini bildirdi.
President.az