Türkiyənin “Milliyyət” qəzeti: “Azərbaycan: iqtisadiyyatda inkişafa doğru”
Türkiyənin nüfuzlu “Milliyyət” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Faiq Bağırovun “Azərbaycan: iqtisadiyyatda inkişafa doğru” sərlövhəli məqaləsi dərc olunub.
1news.az AZƏRTAC-a istinadla xəbər verir ki, məqalədə 2015-ci ildə dünyada yaşanan iqtisadi böhranın və neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinin yaratdığı təsirlərin neft ixracatçısı olan Azərbaycanda da hiss edildiyi bildirilir.
Qeyd edilir ki, neftin qiymətinin aşağı düşməsi milli valyutaya da təsir edib. Nəticədə görülən bütün tədbirlərə baxmayaraq, manatın devalvasiyası ilə əlaqədar qərar qəbul edilsə də, Azərbaycan manatı iqtisadi baxımdan ciddi müqavimət göstərib.
Ağır şərtlərə baxmayaraq, bu müddətdə ölkə iqtisadiyyatı 1,1 faiz, qeyri-neft sektoru isə 8,4 faiz artıb. Qlobal miqyasda yaşanan böhran dövründə Azərbaycanda iqtisadi inkişaf davam edərək ümumi daxili məhsulun və sənaye istehsalının artmasına mühüm təsir göstərib. Bundan başqa, işsizliyin və yoxsulluğun səviyyəsi 5 faizdən də aşağı düşüb, 1,5 milyon yeni iş yeri açılıb.
Enerji məsələlərinə xüsusi yer ayrılan yazıda Azərbaycanın və Türkiyənin mühüm rol oynadığı “Cənub” qaz dəhlizinin başa çatması istiqamətində zəruri addımların atıldığı diqqətə çatdırılır. Vurğulanır ki, Avropanın enerji təhlükəsizliyinin təminatında böyük əhəmiyyət daşıyan bu layihənin dörd mərhələsinin - “Şahdəniz”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP-ın hər biri üzrə işlər uğurla davam etdirilir.
Yazıda Azərbaycanda qeyri-neft sektorunun inkişafından da bəhs edilir: “Son on ilə nəzər yetirdikdə qeyri-neft sektorunun Azərbaycan iqtisadiyyatının 70 faizini təşkil etdiyini görə bilərik. Hazırda qeyri-neft sektorunun sürətli inkişafı davam edir. Bu inkişaf öz bəhrəsini müxtəlif sahələrdə göstərməkdədir. Misal üçün, ölkə miqyasında 25 yeni elektrik stansiyası, 6 hava limanı, genişmiqyaslı ticarət limanı istifadəyə verilib, 70 mindən artıq müəssisə fəaliyyətə başlayıb, 12 min kilometrlik yol çəkilib, 3 min məktəb, yüzlərlə səhiyyə ocağı, 50-dək olimpiya idman kompleksi inşa olunub. Ölkənin turizm potensialının gücləndirilməsi istiqamətində atılan addımlar nəticəsində dünyanın məşhur otel brendləri Azərbaycanda fəaliyyətə başlayıb, beynəlxalq standartlara uyğun istirahət ocaqları və 300 mehmanxana inşa edilib. Son on ildə Azərbaycanın postneft dövrünə hazırlıq prosesində neftdən gələn gəlirlər ölkənin qeyri-neft sektorunun və ən önəmlisi, insan kapitalının inkişafına sərf olunub. Neft gəlirləri vasitəsilə Azərbaycan gəncləri xaricdə təhsil aldıqdan sonra ölkəyə qayıdaraq iqtisadiyyatın inkişafına töhfə verirlər”.
Bildirilir ki, bu prosesin digər mühüm cəhəti isə Azərbaycanın investisiya qəbul edən ölkədən sərmayə yatıran ölkəyə çevrilməsidir. Azərbaycana 200 milyard dollardan artıq sərmayə yatırılıb ki, bunun da yarısı xarici investisiyalardır. Bundan başqa, Azərbaycan tərəfindən Türkiyə iqtisadiyyatına sərmayə qoyuluşunun 20 milyard dollara çatdırılması nəzərdə tutulur. İzmir vilayətindəki “Petkim” neft-kimya holdinqində Türkiyənin kimya sənayesi məhsullarının təxminən 75 faizi istehsal ediləcək.
Məqalədə Azərbaycanın iqtisadi inkişafı istiqamətində görülən işlərdən bəhs olunarkən ölkəmiz tərəfindən orta və uzunmüddətli perspektivdə mühüm addımların atıldığı qeyd edilir. Bildirilir ki, bu baxımdan sosial təminat ilk sırada yer alır. Azərbaycanda həyata keçirilən çoxşaxəli siyasətin əsas məqsədi iqtisadi rifahın yüksəldilməsi, işsizliyin və yoxsulluğun aradan qaldırılmasıdır. Proqram çərçivəsində yerli və xarici sərmayədarlar təşviq edilərək fəaliyyət sahələrinin daha da yaxşılaşdırılması və iqtisadi canlanmanın sürətləndirilməsi əsas məqsəd kimi qarşıya qoyulub.
Özəlləşdirmə proqramı beynəlxalq mütəxəssislərin də iştirakı ilə həyata keçiriləcək. Azərbaycan dövləti tərəfindən qeyri-neft sektorunun inkişaf etdirilməsi əslində ölkənin son dövrdə atdığı addımları təcəssüm etdirir. Bu baxımdan bank sektoru, xüsusilə sahibkarlar mühüm rol oynayacaq, onlar dövlət tərəfindən planlaşdırılan layihələrə sərmayə qoymaq üçün təşviq olunacaqlar. Ölkədə qeyri-neft sektorunun əsas istiqamətlərini kənd təsərrüfatı, sənaye istehsalı və yeni müəssisələrin açılması təşkil edir.
Məqalədə qeyri-neft sektorunun inkişafı baxımından inşaat sektorunun iqtisadiyyatdakı rolunun artırılmasının da mühüm əhəmiyyət daşıdığı qeyd olunur. Bildirilir ki, bu baxımdan tikinti şirkətlərinə lazımi dəstək göstərilərək ölkə miqyasında inşaat layihələrinin icrasının təmin edilməsi və bu prosesdə şəhər planlaşdırmasına dəqiq əməl olunmasına xüsusi diqqət yetirilir. İş yerlərində şəraitin yaxşılaşdırılması da atılan addımlar arasındadır. Azərbaycanın bu istiqamətdə fəaliyyəti Dünya Bankı tərəfindən yayımlanan “Doing Business” hesabatında təqdirəlayiq qiymətləndirilib. Bundan başqa, Azərbaycan iqtisadiyyatı Davos Dünya İqtisadi Forumunun hesabatında 140 ölkə arasında 40-cı yerdə qərarlaşıb.
Məqalənin sonunda diqqətə çatdırılır ki, Azərbaycanın son on ildə dünyada sürətlə inkişaf edən ölkə olduğu açıq-aşkar görünür. Şübhəsiz ki, 2016-cı ildə və ondan sonrakı dövrdə Azərbaycanın iqtisadi sahədə həyata keçirəcəyi tədbirlər ölkənin inkişafını daha da sürətləndirəcək.
1news.az