Xocalı soyqırımına həsr olunan şeir müsabiqəsinin qalibləri müəyyənləşib
Muxtar respublikada Afiyəddin Cəlilov adına 12 saylı tam orta məktəbdə Naxçıvan şəhərində fəaliyyət göstərən tam orta məktəblərin şagirdləri arasında Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə şeir müsabiqəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, müsabiqə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin təşkilatçılığı ilə reallaşıb.
Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Qızıllı Əliyeva və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elşən Rəfiyev çıxış edərək, Xocalı soyqırımı haqqında geniş məlumat verib və müsabiqə iştirakçılarına uğurlar arzulayıblar.
Müsabiqənin münsiflər heyətinin verdiyi qərara əsasən, 14 saylı tam orta məktəbin şagirdi Anar Mikayılov I yerə, 10 saylı tam orta məktəbin şagirdi Tərlan Quliyeva II yerə, 9 və 1 nömrəli tam orta məktəblərin şagirdləri Xədicə Dövlətova və Şəbnəm Qaybalıyeva isə III yerlərə layiq görülüblər.
Qaliblər təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılıblar.
Məlumat üçün qeyd edək ki, I yerin qalibi olan 14 nömrəli tam orta məktəbin şagirdi Anar Mikayılov fevralın 23-də keçiriləcək müsabiqənin Naxçıvan Muxtar Respublika mərhələsində Naxçıvan şəhərini təmsil edəcəkdir.