Azərbaycan ilə İran arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
İranda səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev fevralın 21-də bu ölkənin energetika naziri Həmid Çitçiyan ilə görüşüb.
Görüşdə H.Çitçiyan bildirib ki, İran bütün istiqamətlərdə olduğu kimi, enerji sahəsində də Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsinə hazırdır. Hər iki ölkənin zəngin enerji potensialı bu sahədə əməkdaşlığın dərinləşdirilməsinə zəmin yaradır. Bu potensialdan istifadə etmək dövlətlərimizin maraqlarına cavab verir.
İranlı nazir qeyd edib ki, Azərbaycanın Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə əldə olunan razılaşmaya əsasən, Xoaf və Meşkinşəhərdə günəş enerjisi stansiyası tikiləcək. Azərbaycanın bu sahədə kifayət qədər təcrübəsi var və birgə layihənin həyata keçirilməsi faydalı əməkdaşlığın əsasını yaradacaq.
Ş.Mustafayev Araz çayı üzərində birgə su elektrik stansiyasının tikintisi haqqında əldə edilmiş razılaşmanın təsdiqlənməsinin və icrasının vacibliyini nəzərə çatdırıb. Nazir bildirib ki, hər iki ölkənin sərhədyanı bölgələrində yaşayan əhalinin elektirik enerjisinə tələbatını daha da yaxşılaşdırmaq üçün işlərin sürətləndirilməsi zəruridir.
Söhbət zamanı İrana qarşı tətbiq olunmuş sanksiyaların aradan qaldırılmasının əməkdaşlıq üçün daha əlverişli şərait yaratdığı vurğulanıb. Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
AZƏRTAC