İsmayıllıda yarımfabrikat kartof püresi istehsal edəcək zavod tikilir
İsmayıllı şəhərinin M.Müşfiq küçəsində saatda istehsal gücü 500 kiloqram olacaq yarımfabrikat kartof püresi istehsalı zavodunun inşasına başlanılıb.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, yeni sahibkarlıq obyektində ən müasir xarici avadanlıqlar quraşdırılacaq. Zavodun yaxınlığında 1000 tonluq soyuducu anbar da tikilir. Burada yataqxana binası da inşa olunacaq.
Zavod üçün kartof həm əhalidən alınacaq, həm də müəssisə tərəfindən yetişdiriləcək. Bu məqsədlə cari ildə rayon ərazisində 100 hektarda kartof əkiləcək və əkin sahələri müasir texnologiya əsasında becəriləcək.
Yeni istehsal müəssisəsinin cari ilin sentyabr ayında istifadəyə verilməsi nəzərdə tutulub.
1news.az
1221