Milli Məclisin üzvləri Xocalı faciəsinin ildönümü ilə bağlı xaricidə təşkil olunmuş tədbirlərdə iştirak edəcəklər
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradovla Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev Almaniyaya səfər edəcəklər.
1news.az-a Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, F.Muradov fevralın 25-də Almaniya Bundestaqında “Azərbaycan və Almaniya-Avropa üçün əməkdaşlıq” adlı 4-cü simpoziumda iştirak edəcək.
Sonra F.Muradov və R.Rzayev Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Berlin, Bielefeld və Köln şəhərlərində təşkil olunacaq konfrans və anma mərasimlərinə qatılacaqlar. Azərbaycan və türk diaspor təşkilatlarının hazırladığı silsilə tədbirlərdə Xocalı soyqırımına həsr olunmuş materiallar nümayiş etdiriləcək, faciənin əsl mahiyyəti tarixi faktlarla şərh olunacaq, Xocalı həqiqətləri bir daha Avropa ictimaiyyətinə çatdırılacaq.
Milli Məclisin nümayəndələri çıxışlarında ədalətin bərpası baxımından Xocalı soyqırımının tanınması və qəbul edilməsi zərurətini vurğulayacaqlar.
Heydər Əliyev Fondu tərəfindən Xocalı soyqırımının növbəti ildönümünə həsr olunmuş silsilə tədbirlərdə iştirak etmək üçün F.Muradov fevralın 29-dan martın 1-dək Moskvada səfərdə olacaq.
1news.az