“Azəryolservis” ASC-nin fəaliyyətinin təşkili haqqında” sərəncamda dəyişiklik edilib
Prezident İlham Əliyev “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 noyabr tarixli 2495 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1283-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 noyabr tarixli 2495 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 11, maddə 1139; 2010, № 7, maddə 610) 1.6-cı bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.7-ci bənd əlavə olunsun:
“1.7. “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi”.
President.az