İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Rəşad Mahmudun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Komitə sədri R.Mahmud Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseynin və baş nazir Məhəmməd Nəvaz Şərifin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb.
Siyasi, mədəni və dini əlaqələrimizin qədim tarixə malik olduğunu vurğulayan qonaq ölkələrimizin ən çətin vaxtlarda həmişə bir-birinin yanında olduğunu bildirib: “Cənab Prezident, biz bu əlaqələrin inkişaf etdirilməsini həmişə arzulamışıq, Azərbaycan bizim ürəyimizdə yaşayır, biz bunu hər zaman sübut etmişik”.
Pakistanlı qonaq ölkəmizə səfəri çərçivəsində azərbaycanlı həmkarları ilə səmərəli qarşılıqlı təmasların olacağına əminliyini bildirib.
Prezident İlham Əliyev Pakistan prezidenti Məmnun Hüseynin ölkəmizə uğurlu rəsmi səfərini, həmçinin baş nazir Məhəmməd Nəvaz Şəriflə bu yaxınlarda Davosda keçirdiyi görüşü məmnunluqla xatırlayıb.
Dövlətimizin başçısı ölkələrimiz arasında tarixi köklərə malik olan ikitərəfli münasibətlərimizin hazırda çox uğurla inkişaf etdiyini vurğulayıb, Azərbaycan ilə Pakistanın beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəkləməsinin önəmini qeyd edbi.
Prezident İlham Əliyev ölkəmizin Pakistan ilə bütün sahələri əhatə edəcək ikitərəfli əlaqələri müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, mədəni, hərbi və digər sahələrdə daha da inkişaf etdirməkdə maraqlı olduğunu deyib.
Dövlətimizin başçısı Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri R.Mahmudun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı əməkdaşlığımızın daha da möhkəmləndirilməsi ilə bağlı müzakirələrin aparılacağına və ikitərəfli əlaqələrimizin genişləndirilməsi istiqamətində əlavə tədbirlərin görülməsi baxımından uğurlu olacağına əminliyini ifadə edib.
Prezident İlham Əliyev Pakistan prezidenti Məmnun Hüseynin və baş nazir Məhəmməd Nəvaz Şərifin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Pakistan dövlətinin başçısına və baş nazirinə çatdırmağı xahiş edib.
1news.az