“Əmanətlərin sığortalanması haqqında” Qanuna dəyişikliklər edildi
Prezident İlham Əliyev “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib.
1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, qanunda bildirilir:
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:
“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 79; 2009, № 6, maddə 400) aşağıdakı dəyişikliklər edilsin:
1. 2.1.2.1-ci, 2.1.2.9-cu və 2.1.2.10-cu maddələr ləğv edilsin.
2. 14.1-ci maddənin birinci cümləsində “Kompensasiyaların ödənilməsi üçün” sözləri “Bu Qanunda nəzərdə tutulmuş hallarda” sözləri ilə, ikinci cümləsində isə “0,2 faizi” sözləri “0,1 faizi” sözləri ilə əvəz edilsin.
3. 15.2-ci maddədə “sığorta haqları Mərkəzi Bankın uçot dərəcəsinin 360-da bir hissəsinə hasil edilməklə” sözləri “sığorta haqlarının 0,5 faizi həcmində” sözləri ilə əvəz edilsin.
4. 17-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:
“17.1. Fondun likvid (nağd pula tez çevrilən) aktivləri son hesabat dövrünə qorunan əmanətlərin bir faizindən aşağı düşdükdə və ya kompensasiyaların ödənilməsi üçün vəsaitin kifayət etməməsi ehtimalı yarandıqda Himayəçilik Şurası Fond tərəfindən borc vəsaitlərinin cəlb edilməsi barədə qərar qəbul edir.
17.2. Fond borc vəsaitinin alınması üçün Mərkəzi Banka müraciət etdikdə Mərkəzi Bank Fonda dövlətin zəmanəti ilə təmin olunmuş kredit verə bilər. Mərkəzi Bank, belə müraciətin daxil olduğu günün sonrakı iş günündən gec olmayaraq, müraciətin daxil olması barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verir. Müvafiq icra hakimiyyəti orqanı 10 iş günündən gec olmayaraq dövlət zəmanətinin verilməsi barədə qərar qəbul edir. Dövlət zəmanətinin verilməsi barədə qərara müvafiq olaraq 10 iş günündən gec olmayaraq Mərkəzi Bank müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış şərtlərlə Fonda kredit verir.”.
5. 26-cı maddənin mətni 26.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 26.2-ci maddə əlavə edilsin:“26.2. Sığorta hadisəsi baş verdiyi günə əmanətçinin iştirakçı bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir.”.
Qeyd edək ki, ölkə başçısı “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 19 yanvar tarixli 100-VQD nömrəli Qanununun tətbiqi və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 fevral tarixli 530 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda bildirilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsibarədə” Azərbaycan Respublikasının 2016-cı il 19 yanvar tarixli 100-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 fevral tarixli 530 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 96; 2010, № 2, maddə 80; 2014, № 5, maddə 477) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
“2. Müəyyən edilsin ki:
2.1. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirirlər;
2.2. həmin Qanunun 17.2-ci maddəsinin ikinci, üçüncü və dördüncü cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir.”.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
1news.az