İctimai asayişin qorunmasında vətəndaşlar da iştirak edəcəklər – FƏRMAN
Prezident İlham Əliyev ictimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə Fərman imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qanunçuluğun və hüquq qaydasının qorunmasında vətəndaşların geniş iştirakının təmin edilməsi, polis orqanlarına ictimai dəstəyin təşviqi, polis-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi məqsədi ilə qərara alıram:
1. “İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. ictimai asayişin qorunmasına vətəndaşların cəlb edilməsi ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etsin;
2.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi vətəndaşların ictimai asayişin qorunmasında iştiraka cəlb edilməsi üçün zəruri tədbirlər görsün.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.
President.az