Səfir: “Azərbaycan Prezidentinin İrana səfəri münasibətlərin inkişafının yeni perspektivlərini müəyyən etdi”
Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin dəvəti ilə bu ölkəyə rəsmi səfəri çox uğurlu oldu.
Ümumilikdə, Azərbaycan ilə İran arasında əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 12 sənədin imzalanması ilə nəticələnən bu rəsmi səfər dost və qardaş ölkələrin ikitərəfli münasibətlərinin inkişafını qarşıdakı bir neçə onillik üçün müəyyən etdi.
1news.az Azərbaycanın İrandakı səfiri Cavanşir Axundovun AZƏRTAC-a verdiyi müsahibəsini təqdim edir:
-Prezidentin səfəri və imzalanmış sənədlər iki ölkənin gələcək əməkdaşlığı üçün yeni imkanlar açır. Bu səfəri necə qiymətləndirirsiniz?
-Əvvəla, vurğulamaq istərdim ki, səfər çərçivəsində imzalanmış sənədlərin hər biri konkret sahəni əhatə edir və Azərbaycan ilə İran arasında müvafiq sahələr üzrə əməkdaşlığı məqsədyönlü müstəviyə keçirir. İmzalanmış sənədlərdən bir neçəsinə xüsusilə toxunmaq istərdim.
“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında Çərçivə Sazişi” və bu Çərçivə Sazişi ilə birbaşa əlaqəsi olan “Azərbaycan Dəmir Yolları” QSC ilə İran İslam Respublikasının Dəmir Yolları arasında Azərbaycan-İran dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi haqqında Müqavilə” barədə danışarkən “tarixi” kəlməsini işlətmək istəyirəm. Uzun dövr ərzində, təxminən bir əsr boyunca ölkələrimiz arasında dəmir yollarının birləşdirilməsi zərurəti var idi. Xatırlatmaq istərdim ki, sovet dönəmində Azərbaycan ilə İran arasında dəmir yolu xətti mövcud idi, lakin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində bu dəmir yolu fəaliyyətini dayandırdı.
Mən bu müsahibədə tarixi keçmişə toxunaraq nəyə görə Azərbaycan və İran arasında dəmir yolunun Ermənistan ərazisindən keçdiyinə dair təfərrüatları xatırlamaq istəmirəm. Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsi olan yeni dəmir yolu Azərbaycan və İranın iqtisadi inkişafına, o cümlədən Fars körfəzindəki Bəndər Abbas, Buşehr, Çabahar kimi limanlarında yük dövriyyəsi həcminin dəfələrlə artmasına töhfə verəcək. Bundan əlavə, İranın Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Gilan, Qəzvin kimi şimal ostanları öz məhsullarını dünya bazarlarına, xüsusilə Şimali Avropa, Rusiya, Pakistan, Hindistan, habelə Fars körfəzi ölkələrinə qısa müddət ərzində çatdıra biləcəklər. Şimal-Cənub nəqliyyat dəhlizinin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və vaxtının 3 dəfə az olmasıdır. Dəhliz vasitəsilə yüklərin çatdırılmasının qiyməti rəqabətə daha davamlıdır. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin digər üstünlüklərinə marşrutun təhlükəsizliyi və beynəlxalq tranzit dəhlizləri ilə kəsişməsini aid etmək olar. Ümumiyyətlə, bu dəhliz digər ətraf ölkələri də (Əfqanıstan və s.) nəzərə almaqla illik 30 milyon ton yükün daşındığı nəqliyyat dəhlizi kimi tranzit vaxtı və qiyməti baxımından ən səmərəli logistik həll yoludur.
İran-Azərbaycan dəmir yollarının əlaqələndirilməsi başa çatdırıldıqdan sonra İran tərəfi digər bir nəqliyyat xətti – Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən də istifadə edərək, İranın cənubundan Avropaya doğru iqtisadi baxımdan daha sərfəli şərtlərlə yük daşınmasını təmin edə biləcək. Qeyd etdiyim bu amillər xalqlarımızın rifahının yüksəldilməsi məqsədilə ölkələrimizin iqtisadiyyatının inkişafına imkan yaradacaq.
Yeri gəlmişkən, Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd xəttini də qeyd etmək istərdim. Bu xətt Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində blokadada olan Naxçıvana İranın qərbi ostanları ilə iqtisadi əlaqələrini inkişaf etdirməyə imkan verəcək.
İranın Prezidenti Həsən Ruha də qeyd edib ki, Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətlərinin birləşdirilməsi iki ölkənin iqtisadi münasibətlərində yeni səhifənin açılmasına səbəb olacaq.
-Enerji sahəsində də əməkdaşlıq haqqında Saziş imzalandı. Bu Saziş perspektivdə hər iki ölkə üçün nə vəd edir?
-“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında elektrik enerjisinin satışı haqqında Çərçivə Sazişi” imzalandı. Bu saziş nəticəsində yalnız Azərbaycan və İranın deyil, eləcə də Rusiya, Gürcüstan, habelə Cənubi Asiyanın elektrik sistemi şaxələndiriləcək və bölgənin vahid elektrik enerjisi şəbəkəsi yaradılacaq. Bu istiqamətdə müzakirələr uzun müddətdir ki, aparılırdı. Belə ki, Azərbaycanın bu sahədə güclü obyektləri var.
Prezident İlham Əliyevin fevralın 23-də İran İslam Respublikasına rəsmi səfəri zamanı hər iki dövlət başçısının verdiyi tapşırığa müvafiq olaraq, “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişin mətni razılaşdırılıb və imzalanıb. Sənədi Azərbaycan Respublikası tərəfindən iqtisadiyyat naziri Şahin Mustafayev, İran İslam Respublikası tərəfindən isə rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi imzalayıblar.
Sazişdə Azərbaycanın və İranın suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipləri bəyan edilir, BMT qətnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsinin zəruriliyi, hər iki tərəfin “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları boyu bütün su və enerji ehtiyatlarına bərabər hüquqları vurğulanır.
Qeyd etmək istərdim ki, Azərbaycan üçün olduqca böyük əhəmiyyət kəsb edən bu mühüm sənədin imzalanması ölkəmizin İran ilə son illərdə sürətlə inkişaf edən, dostluq və mehriban qonşuluq münasibətlərinin bariz nümunəsidir.
Səfər çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə İran Milli Neft Şirkəti arasında imzalanmış Anlaşma Memorandumu, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Qədir İnvestisiya Şirkəti arasında imzalanmış Anlaşma Memorandumu iqtisadiyyatın çox mühüm sahəsi olan qaz və neft sektorunda Azərbaycan və İran arasında birgə əməkdaşlığı intensivləşdirəcək. Qeyd etmək lazımdır ki, Azərbaycan və İran enerji sahəsində uzun müddətdir əməkdaşlıq edirlər.
Haqqında daha geniş məlumat vermədiyim digər sazişlər, o cümlədən Azərbaycan və İranın müvafiq qurumları arasında imzalanmış əməkdaşlıq haqqında anlaşma memorandumları iki ölkənin sosial siyasət sahəsində daha sıx əməkdaşlığına öz töhfəsini verəcək.
-Səfər çərçivəsində regional təhlükəsizlik məsələsinə də toxunuldu. Regionda cərəyan edən prosesləri nəzərə alaraq Azərbaycan, İran və Türkiyə arasındakı üçtərəfli əməkdaşlıq haqqında nə deyə bilərsiniz?
-Azərbaycan Respublikası Prezidentinin İrana rəsmi səfəri zamanı ikitərəfli görüşlərdə aparılmış müzakirələr çərçivəsində mühüm əhəmiyyət kəsb edən razılıqlar da əldə edilib. Bildiyiniz kimi, bir neçə ildir ki, Azərbaycan, İran və Türkiyə arasında üçtərəfli əməkdaşlıq üzrə müzakirələr mövcuddur. İlk görüşü 2011-ci ildə Urmiyədə, növbəti görüşləri Naxçıvan və Qarsda keçirilmiş bu üçtərəfli format çərçivəsində ölkələr arasında əməkdaşlığın hazırkı durumu, qarşıda duran vacib məsələlər ən yüksək səviyyədə müzakirə olunur.
Prezident İlham Əliyevin İrana budəfəki səfəri zamanı bu formatda müzakirələrin coğrafiyasının genişləndirilməsi və bunun tərəflər arasında gələcəkdə əməkdaşlığı daha da dərinləşdirə biləcəyi müzakirə olunub.
Çox sevindirici haldır ki, yaşadığımız bölgədə İran və Azərbaycan sabitləşdirici rol oynayır. Ölkələrimiz bölgədə və dünyada sülh, əmin-amanlıq, əməkdaşlıq olmasını istəyir. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Azərbaycanın və İranın birliyi nə qədər güclü olsa, bölgədə təhlükəsizlik də bir o qədər yüksək səviyyədə qorunacaq.
Prezidentlərin görüşündə ikitərəfli münasibətlərdən əlavə, bölgədəki vəziyyət, terrorizmə, dünyada artmaqda olan islamofobiyaya qarşı birgə mübarizədə əməkdaşlıq kimi daha genişmiqyaslı məsələlər də müzakirə edildi.
2014-cü ilin aprelində baş tutmuş səfərdə olduğu kimi, bu dəfə də Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei ilə görüşdü. Görüşdə tarixi, dini, mədəni köklərlə bağlı olan ölkələrimiz və xalqlarımız arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıldı. Regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasında birgə səylərin vacibliyi vurğulandı, bu barədə iki ölkə prezidentlərinin görüşlərində də müzakirə aparıldığı bildirildi. Həmçinin səfər çərçivəsində imzalanan sənədlərin ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın daha da inkişafına, Azərbaycan-İran münasibətlərinin möhkəmlənməsi işinə xidmət edəcəyi qeyd olundu.
Səfərin gedişi, imzalanmış sazişlər, xüsusilə dövlət başçılarının görüşü və mətbuat üçün səsləndirdikləri bəyanatlar onu deməyə əsas verir ki, qonşu, dost və tərəfdaş dövlətlər olan İran ilə Azərbaycan arasındakı mövcud münasibətlər bundan sonrakı dövrdə yüksələn xətt üzrə inkişaf edəcək. Regionda və dünyada baş verən bir çox hadisələrə dair ölkələrimiz arasında fikir birliyi mövcuddur. Prezidentlər bütün sahələr üzrə əməkdaşlığın uğurla inkişafında maraqlı olduqlarını ifadə etdilər və bunun üçün mövcud imkanları yüksək qiymətləndirdilər.
Məlumat üçün onu da diqqətinizə çatdırım ki, 2014-2015-ci illərdə Azərbaycan və İranın yüksək səviyyəli rəsmilərinin 44 qarşılıqlı səfəri baş tutub. Bu rəqəm elə ölkələrimiz arasında əlaqələrin inkişaf səviyyəsini aydın göstərir.
Azərbaycan-İran əməkdaşlığının dinamikası bir daha göstərir ki, ölkələrimiz arasında əlaqələr möhkəm dayaqlara əsaslanır və qarşılıqlı maraqlara xidmət edir. Azərbaycan və İran arasında ikitərəfli münasibətlər müxtəlif, o cümlədən siyasi, iqtisadi, sosial, mədəni, humanitar, dini və digər sahələr üzrə inkişaf etməkdədir. Məlumdur ki, Azərbaycan Respublikası və İran İslam Respublikası beynəlxalq təşkilatlarda - Birləşmiş Millətlər Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında sıx əməkdaşlıq edir və bu əməkdaşlıq bundan sonra da davam edəcək. İstər siyasi, istər iqtisadi, istərsə də mədəni və turizm sahələrində olan əməkdaşlığımızın bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə şübhə yoxdur.
Bu cür səfərlərdən sonra adətən onlar haqqında “tarixi” sözü işlədilir, lakin bəzi hallarda bu söz daha çox formal xarakter daşıyır. Əminliklə vurğulamaq istərdim ki, Prezident İlham Əliyevin 2016-cı ilin fevralın 23-də İran İslam Respublikasına rəsmi səfəri həqiqətən də tarixi əhəmiyyət kəsb etdi. Belə ki, bu səfər təkcə iki ölkə arasında münasibətlərin deyil, ümumilikdə bölgənin inkişafını bir neçə onillik öncədən müəyyən etdi. Bundan əlavə, məhz bu səfərin gedişində əməkdaşlığın konkret sahələri üzrə və hər iki ölkənin iqtisadi inkişafına töhfə verəcək, onların dünya miqyasında geoiqtisadi əhəmiyyətini vurğulayan sənədlər imzalandı.
1news.az