Dan Stav: “Azərbaycan-İsrail əməkdaşlığının inkişafı üçün imkanlar çoxdur”
İsrailin Azərbaycandakı səfiri Dan Stav “Caspian Energy International Media Group”–un prezidenti, baş redaktoru Nataliya Əliyeva başda olmaqla “Caspian Energy” şirkətinin nümayəndə heyəti ilə görüşüb.
“Caspian Energy”-dən verilən xəbərə görə, görüş zamanı “Caspian European Club” (“Caspian Business Club”) və “Caspian Energy International Media Group” çərçivəsində əməkdaşlığa və informasiya səviyyəsində əlaqələrin genişləndirilməsi imkanlarına dair məsələlərə toxunulub.
Səfirin sözlərinə görə, “Cənub qaz dəhlizi” (CQD) çox mühüm layihədir. Dan Stav deyib: “Bu layihə təkcə regional deyil, həm də qlobal əhəmiyyətə malikdir. Çünki energetika bəşəriyyətin asılı olduğu mühüm mənbədir. Avropa çox böyük qaz istehlakçısıdır. Xüsusən qlobal istiləşmə ilə bağlı narahatlığın mövcud olduğu hazırkı durumda. Bu aspektdə qaz çox mühüm enerji mənbəyidir. Azərbaycan strateji cəhətdən mühüm coğrafi mövqeyə malikdir. O, dünyanın başlıca iqtisadi mərkəzlərindən biri olan Avropanın qazla təmin edilməsində mühüm rol oynayır. Biz CQD layihənin inkişafı prosesini böyük maraqla izləyirik. Yaxın illərdə İsrail qaz hasil edəcək və müvafiq olaraq İsrailin “Cənub qaz dəhlizi” layihəsi, o cümlədən TANAP-a qoşulması məsələsi nəzərdən keçiriləcək. Odur ki, bizim üçün energetika məsələsi bu qədər əhəmiyyət daşıyır”.
Dan Stav qeyd edib ki, İsrail Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatları böyük maraqla izləyir. Səfir deyib:
“Fikrimizcə, iqtisadiyyatın şaxələndirilməsi haqqında qərar neft qiymətlərinin endiyi indiki vaxtda çox mühüm və aktualdır. İsrail dost ölkə kimi kiçik və orta biznesin inkişafı sahəsində qarşılıqlı əməkdaşlıq təklif edə bilər. Azərbaycan-İsrail əməkdaşlığının inkişafı üçün xeyli sahələr mövcuddur. Azərbaycanda aparılan islahatlar, siyasətin və tənzimləmənin dəyişməsi haqqında bütün məlumatları İsraildəki rəsmi idarələrə, o cümlədən iqtisadiyyat və xarici işlər nazirliklərinə göndərmişik.
Bu konteksdə İsrail şirkətləri üçün geniş imkanlar açılır. Bəzi sektorlarda, məsələn, kənd təsərrüfatı sahəsində belə imkanlar var. Azərbaycanın çox yaxşı şərait, məhsuldar torpaqları, su ehtiyatları, müxtəlif iqlim zonaları və işgüzar insanları var. Bizim müasir texnologiyalarımız və torpağın keyfiyyəti barədə mükəmməl biliklərimiz Azərbaycanda kənd təsərrüfatının çiçəklənməsinə yardım edə bilər”.
AZƏRTAC