Azərbaycan XİN rəhbərinin müavini gürcüstanlı həmkarı ilə görüşüb
Azərbaycan xarici işlər nazirinin müavini Nadir Hüseynov Bakıda səfərdə olan Gürcüstan xarici işlər nazirinin müavini Zviad Qonadzeni qəbul edib.
1news.az-a nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Azərbaycanla Gürcüstan arasında ikitərəfli münasibətlərin inkişafı müzakirə edilib, mütəmadi keçirilən konsulluq məsləhətləşmələrinin iki ölkə vətəndaşlarının qarşılaşdıqları problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi baxımından əhəmiyyəti qeyd olunub.
Z.Qonadze Gürcüstanın Azərbaycandakı səfirliyi üçün yeni inzibati binanın tikilməsi məqsədi ilə torpaq sahəsinin ayrılmasında göstərdiyi dəstəyinə görə Azərbaycan rəhbərliyinə ölkəsi adından təşəkkürünü bildirib.
Gürcü diplomatı ikitərəfli münasibətlərin inkişafı, müvafiq təcrübə mübadiləsinin aparılması, habelə xarici işlər nazirliklərinin səlahiyyətlərinə aid məsələlərin həlli istiqamətində gələcəkdə də nazir müavinləri səviyyəsində bu cür görüşlərin keçirilməsini təklif edib.
1news.az