Azərbaycanda "Tik, idarə et, təhvil ver" modeli tətbiq oluna bilər | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda "Tik, idarə et, təhvil ver" modeli tətbiq oluna bilər

16:53 - 03 / 03 / 2016
Azərbaycanda "Tik, idarə et, təhvil ver" modeli tətbiq oluna bilər

Azərbaycanda tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələri xüsusi maliyyələşmə əsasında həyata keçiriləcək.

1news.az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquqi siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı məlum olub.

Qanun layihəsində qeyd olunub ki, xüsusi maliyyələşmə tikinti və infrastruktur obyektlərinin və onlara oxşar obyektlər ilə əlaqədar investisiya layihələrinin "Tik, idarə et, təhvil ver" (TİT) modelinə uyğun maliyyələşməni nəzərdə tutur.

Bu qanun körpülərin, tunellərin, su anbarlarının, sutəmizləmə qurğularının, suvarma, içməli və məişət su sistemlərinin, habelə kanalizasiya sistemlərinin, xəbər və konfrans mərkəzlərinin, habelə təhsil, səhiyyə, mədəniyyət və turizm obyektlərinin, kommersiya məqsədli binaların, topdansatış bazarlarının, fabriklərin və oxşar obyektlərin, idman mərkəzləri, yataqxana, istirahət və əyləncə parklarının, təbiət parklarının, qoruqların, sənaye və texnologiya parklarının, aqroparkların, yüksək texnologiyalara əsaslanan avtomatlaşdırılmış idarəetmə sistemlərinin və informasiya texnologiyaları sahəsində digər sistemlərin, hər hansı növ məhsulun tədarük edilə biləcəyi anbar və digər bu tip obyektlərin, geotermik və tullantı istiliyinə əsaslanan obyektlərin və qızdırıcı sistemlərin, elektrik enerjisi istehsalı, ötürülməsi, paylanması və satışı ilə məşğul olan müəssisələrin, şoselərin, nəqliyyatın sıx olduğu magistral yolların, dəmiryolunun və relsli sistemlərin, avtovağzal komplekslərinin, stansiyaların, funikulyor və qaldırıcı sistemlərin, logistika mərkəzlərinin, yeraltı və yerüstü avtomobil dayanacaqlarının, metro xətlərinin və stansiyalarının, xüsusi iqtisadi zonaların, mülki məqsədlərlə istifadə edilən dəniz və hava limanlarının, yük, sərnişindaşıma və yaxta limanlarından ibarət komplekslərin TİT modelinə uyğun maliyyələşmə əsasında tikintisinə (inşasına, cari və əsaslı təmirinə, yenidən qurulmasına, bərpasına), idarə edilməsinə və təhvil verilməsinə investisiyanın cəlb olunmasının hüquqi əsaslarını müəyyən edir.

Qanun layihəsinə görə, bu tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin TİT modelinə uyğun həyata keçirən investor həyata keçirdiyi fəaliyyətlə bağlı dövlət rüsumlarından və yığımlardan azaddır.

 Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin TİT modeli çərçivəsində investorlar tərəfindən həyata keçirilməsinin şərtləri, tikinti və infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlara qoyulan tələblər, bağlanan müqavilələrin xüsusiyyətləri və şərtləri, investisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsinin qaydaları müvafiq olaraq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

İnvestor müqavilə üzrə öhdəlik götürdüyü tikinti və infrastruktur obyektlərinin həmin müqavilədə müəyyən edilmiş müddətdə layihələndirilməsinə, maliyyələşdirilməsinə, tikintisinə və istifadəyə verilməsinə görə məsuliyyət daşıyır. Müqavilədə öhdəliklərin investor tərəfindən həyata keçirilməməsi nəticəsində yaranacaq zərərin ödənilməsi ilə bağlı müddəalar nəzərdə tutulmalıdır.

Müqavilədə investorun öhdəlik götürdüyü tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihəsinin müddəti müəyyənləşdirilərkən investisiya xərclərinin ( əldə ediləcək gəlir də daxil olmaqla) və investisiya məqsədi ilə götürülmüş kreditlərin ödənməsi müddəti, eləcə də layihənin xüsusiyyətləri, investisiyanın miqdarı və idarə olunma prinsipləri nəzərə alınmalıdır. TİT modelinə uyğun bağlanan müqavilələrin müddəti 49 ildən artıq ola bilməz.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Ağalar Vəliyev deyib ki, TİT modeli dünyada qəbul olunmuş bir praktikadır. “Bizim qardaş ölkə Türkiyə bu qanunun 1994-cü ildə qəbul edib və bundan sonra 122 milyard manata yaxın Türkiyəyə vəsait qoyulub. Qonşu Gürcüstanda, Tbilisi şəhərinin mərkəzi, hava limanı türkiyəli investor tərəfindən vəsait cəlb olunub, tikiblər və 28 illiyə işlədib təhvil verəcək. Bəzi iş adamları, xüsusilə də Asiya iş adamları Azərbaycana investisiya qoymaq niyyətindədirlər. Azərbaycanda da bəzi yerlərdə su elektrik stansiyaları tikilə bilər. Maksimal müddət 49 il olduğundan hesab edək ki, su elektrik stansiyasını tikən məsələn 35 il ərzində enerjini sata bilər. Bu müddətdə qoyduğu vəsaiti və mənfəəti götürə bilər. Sonra həmin su elektrik stansiyasını dövlətə təhvil verə bilər və idarəetməni dövlət həyata keçirir. Bu qanun yeni iş yerlərinin açılmasına, ölkəyə əlavə vəsaitin cəlb olunmasına kömək edəcək”.

Qanunda xidmət haqqı, təhvil vermə, dövlət ehtiyacları üçün geri alınma, dövlət zəmanəti ilə bağlı qaydalar da öz əksini tapıb.

Bu qanunu pozanlar mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.

1news.az

Paylaş:
1142

Son xəbərlər

Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14
Bütün xəbərlər