Meteoroloqlardan xəbərdarlıq: Yağış və qar yağacaq, temperatur 7-10 dərəcə aşağı enəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi mart ayının 5-nə olan hava proqnozunu açıqlayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 6-10, gündüz 13-18, Bakıda gecə 7-9, gündüz 15-17 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında martın 5-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, axşam isə qıraq qərb rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10, gündüz 18-23, dağlarda gecə 6-11, gündüz 12-17 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza görə, martın 5-də Abşeron yarımadasında mülayim yaz havası meteohəssas insanlar üçün əsasən əlverişlidir. Martın 6-da isə hava şəraitinin təzadlı dəyişməsi, güclü xəzri küləyi fonunda temperaturun enməsi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.
Meteoroloqların ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlığında qeyd olunur ki, Bakıda və Abşeron yarımadasında martın 6-7-də hava şəraitinin qeyri-sabit keçəcəyi, martın 6-sı gün ərzində, 7-si isə gecə və səhər şimal-qərb küləyinin güclənəcəyi, martın 6-da axşam, 7-də isə gün ərzində arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.
Martın 6-sı qərb rayonlarından başlayaraq ayın 8-dək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Martın 6-da qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-10 dərəcə aşağı enəcək.
1news.az