Baş hemotoloq: “Uşaqlar arasında leykozlar uşaq onkoloji xəstəliklərinin 1/3-ni təşkil edir”
Bu gün Səhiyyə Nazirliyinin B. Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda irsi qan xəstəlikləri, donorluq və digər məsələlər barədə dəyirmi masa keçirilib.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, tədbirdə çıxış edən institutunun direktoru Zöhrə Əlimirzəyeva deyib ki, son zamanlar Səhiyyə Nazirliyi tərəfindən qan xidməti və donorluq sahəsində köklü islahatlar aparılıb. Onun sözlərinə görə, ET Hematologiya və Transfuziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankının 8 filialı təşkil edilib.
Qan xidmətinin strukturunun modernləşdirilməsi nəticəsində qan xidməti müəssisələrinin sayı xeyli azalıb, bu isə donorların səmərəli istifadəsinə, və donor qanının infeksiyalara yoxlanılmasının yaxşılaşdırılmasına imkan yaradıb.
Respublikanın baş hematoloqu Çingiz Əsədov müasir təbabətdə leykozlar probleminin səhiyyənin ən aktual problemlərindən biri olduğunu deyib. Onun sözlərinə görə, bütün bədxassəli xəstəliklərin təxminən 8%-ni təşkil edərək leykozlar xərçəngin ən çox rast gəlinən 6 növü siyahısına daxildir:
“Uşaq leykozu uşaqlar arasında ən çox rast gəlinən onkoloji xəstəlikdir. Ümumiyyətlə, uşaqlar arasında leykozlar bütün uşaq onkoloji xəstəliklərin 1/3-ni təşkil edir. Son zamanlar leykozların diaqnostikasında və müalicəsində köklü irəliləyişlər müşahidə edilir. Bu ilk növbədə leykozların molekulayar-genetik diaqnostika üsullarının tətbiqinə və leykozların müxtəlif növlərinin traqet (hədəf) terapiyası üsullarının işlənib-hazırlanmasına aiddir. Hazırda Səhiyyə Nazirliyinin rəhbərliyi ilə Hematologiya və Transfuziologiya İnstitutunda bu xəstəliyin diaqnostikasının beynəlxalq standartlara uyğun aparılmasına nail olunub”.
Mərkəzi Qan Bankının baş həkimi Pərvanə Hacıyeva tədbirdə çıxışı zamanı deyib ki, ötən il Azərbaycanda tədarük olunan qanın həcmi və donorların sayı artıb. Onun sözlərinə görə, ölkə üzrə keçirilən qanvermə aksiyalarında 36 ton 597 litr qan tədarük olunub:
“2014-cü ildə isə bu göstərici 36 ton 193 litr təşkil edib. Qanvermə aksiyalarında iştirak edən könüllü donorların da sayı artıb. 2014-cü ildə qanvermə aksiyalarında 72 697 nəfər iştirak edibsə, keçən il bu göstərici 75 184 nəfər təşkil edib. Ötən il Azərbaycanda 318 qanvermə aksiyası keçirilib”.
1news.az