Zakir Həsənov: “Ermənistanın işğalçılıq siyasəti bu gün də davam edir”

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Suzan Mohamed Gamil ilə görüşüb.
1news.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Zakir Həsənov Azərbaycanla Misir arasında mövcud ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin hər iki dövlətin maraqlarına uyğun olaraq daim inkişaf etdiyini və genişləndiyini qeyd edib.
Nazir regiondakı hərbi-siyasi vəziyyətlə bağlı məlumat verərək Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini diqqətə çatdırıb.
Görüşdə, yaxın vaxtlarda Misir Ərəb Respublikasının güc strukturlarının geniş tərkibli nümayəndə heyətinin Azərbaycana gözlənilən səfəri, keçiriləcək danışıqlarda təhlükəsizlik və müdafiə sahəsində müzakirələrə dair tərəfləri maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi də aparılıb.
1news.az