Federika Moqerini: “Dağlıq Qarabağ münaqişəsinin həlli Avropa İttifaqının gündəliyindədir”

Dağlıq Qarabağ açıq yara olaraq hələ də Ermənistan və Azərbaycanı ayırır.
1news.az Regnum-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının ali nümayəndəsi Federika Moqerininin Azərbaycana və Ermənistana səfərinin yekunları üzrə öz bloq yazısında deyilir.
Onun sözlərinə görə, münaqişənin sülh yolu ilə nizamlanması Avropa İttifaqının gündəliyindədir və qurumun xüsusi nümayəndəsi prosesi izləyir.
“Avropa ilə Asiya arasında körpü olan Azərbaycan və Ermənistandan yeni qayıtmışam. Bu iki ölkə çətinliklərə baxmayaraq kövrək demokratiyanı möhkəmləndirməkdə davam edirlər. Bu, hər iki ölkənin hökumətləri, vətəndaş cəmiyyəti nümayəndələri və qeyri-hökumət təşkilatları ilə görüşlər keçirdiyim dolğun bir səfər oldu”, - Aİ rəsmisi qeyd edib.
Mogerini vurğulayıb ki, Bakıya səfəri Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının II iclasında iştirakla başlayıb:
“Cənub Qaz Dəhlizi” Avropanın enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edən böyük layihədir . Bu layihə, həmçinin iştirakçı dövlətlər arasında əməkdaşlığı möhkəmləndirir və genişləndirir”.
1news.az