BANM-in tələbəsi: “Bu ümidi mənə oxuduğum ali təhsil ocağı verir”
Vətəni Fərdin Fərhad oğlu 1998-ci il aprel ayının 29-da Gəncə şəhərində anadan olub. 2004-cü ildə Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub. Müxtəlif siniflərdə oxuyarkən məktəb tərəfindən fəxri fərmanlara layiq görülüb. 2010-cu ildə Türk Liseyinin Gəncə üzrə filialında ümumi biliklər üzrə imtahan verərək, Gəncə üzrə birinci, Gəncəbasar zonası üzrə 8-ci yerə çıxıb.
O cümlədən, 2014-cü ildə Gəncə şəhərində keçirilən “Bilik yarışı”ında “Fərqlənmə” diplomu ilə təltif olunub. 2015-ci ildə 11-ci sinifdə oxuyarkən “Məktəblilərin Fənn Olimpiadasında” “Fizika” fənni üzrə iştirak edib və qərb regionu üzrə mərhələdə 1-ci yerə layiq görülüb.
Eyni zamanda, “Beynəlxalq Kimya Olimpiadası”nda zona turunun mütləq qalibi olaraq Azərbaycan üzrə təsnifat mərhələsinin finalında iştirak edib. Təhsilindəki uğurlarına və nümunəvi davranışına görə Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov tərəfindən “Fəxri Fərman”la təltif olunub. Fərdin Vətəninin təhsildən başqa, idmana da böyük marağı var. Boks, üzgüçülük və KarateDo ilə məşğul olub.
Xüsusən, 2013-cü ildə Azərbaycan Respublikası KarateDo Federasiyası Assosiasiyasının keçirdiyi imtahanlarda uğurla iştirak edib, “7-ci Kyu”ya layiq görülüb. 2015/2016-ci tədris ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçirdiyi qəbul imtahanında 690 bal toplayaraq BANM-in “Neft-qaz mühəndisliyi” ixtisasına daxil olub, Prezident təqaüdçüsüdür.
1news.azBakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Fərdin Vətəninin BANM-in ictimaiyyətlə əlaqələr şöbəsinə müsahibəsi təqdim edir:
- Qəbul imtahanı necə keçmişdi? İmtahandan qabaq və imtahandan sonra hansı təəssüratlarla yadda qalıb?
- Qəbul imtahanından qabaq ciddi şəkildə hazırlaşmışdım. Qəbul imtahanı yüksək səviyyədə və şəffaf şəkildə keçdi. İmtahana girərkən heç həyəcanlı deyildim. İmtahandan 690 bal yığdığımı biləndə sevincimin həddi-hüdudu yox idi.
- Sınaq imtahanlarında nəticələrin necə olub? Qəbul imtahanında yüksək bal toplayacağına özün və yaxın ətrafın inanırdımı?
- Sınaq imtahanlarında 600 baldan yüksək nəticə göstərmişdim, ələlxüsus da sonuncu sınaq imtahanının nəticəsi 667 bal olduğunu biləndən sonra yüksək nəticə göstərəcəyimə hamı inanırdı.
- Niyə məhz bu ixtisası və BANM-i seçdin və bu seçimi etdikdə qarşına hansı məqsədləri qoydun?
- Mühəndislik ixtisası məni əvvəldən cəlb etmişdi. BANM-də olan yüksək səviyyəli təhsil və keyfiyyətli tədris mənim bu Ali Məktəbi seçməyimdə böyük rol oynadı. Həmçinin, valideynlərimin arzusu da mənim istəyimlə üst-üstə düşdü. Çünki biz ailəliklə BANM-ə böyük rəğbət bəsləyirik.
- BANM-də ali təhsil almaq arzusunda olan abituriyentlərə nə məsləhət görərdin?
- BANM-də təhsil almaq istəyən abituriyentlərə məsləhətim budur ki, bu Ali Məktəbi seçərkən bilməlidirlər ki, dayanmadan öz üzərlərində çalışacaqlar. Buradakı təhsil isə, Azərbaycanda olan ən ciddi və yüksək səviyyəli təhsildir.
- Özünü gələcəkdə harda görürsən və gələcək üçün planların nədir?
- Magistr təhsilini xaricdə almaq və Azərbaycanı digər dövlətlərdə lazımınca təmsil etmək istəyirəm. Mən özümü gələcəkdə Azərbaycan xalqına yararlı, yüksək ixtisaslı və ali təhsilli kadr kimi görürəm. Bu ümidi mənə oxuduğum ali təhsil ocağı verir.
- Boş vaxtlarında nə ilə məşğul olursan? Hansı əlavə məşğuliyyətlərin və hobbin var?
- Boş vaxtım demək olar ki olmur, olanda isə, asudə zamanımı idmana sərf edirəm. İndi məşğul olmağa vaxtım olmasa da, üzgüçülük mənim hobbimdir.
1news.az