Qorağan-Qax-Zaqatala avtomobil yolu yenidən qurulur
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qorağan-Qax-Zaqatala avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb.
“Azəryolservis”dən AZƏRTAC-a bildirilib ki, hazırda ərazidə torpaq işləri görülür, yeni yol əsasının tikintisi aparılır.
Belə ki, hərəkət zolağının sayı 2 olan 3-cü texniki dərəcəli yolun ümumi uzunluğu 29,8 kilometrdir. Asfalt-beton örtüklü yolda sürət 80 kilometr/saat nəzərdə tutulub.
Layihə çərçivəsində 8 min kubmetr bitki-torpaq qatının qazılması, 550 min kvadratmetr torpaq qazma işlərinin həyata keçirilməsi, 731min kubmetr karxana materiallarının daşınması işləri aparılacaq.
Bundan başqa, 5 ədəd yeni körpünün tikintisi və 1 ədəd mövcud körpünün əsaslı təmiri, dəmir-beton boru və drenaj işlərinin görülməsi, tikinti altına düşən kommunikasiyaların köçürülməsi, 24 ədəd avtobus dayanacağının tikintisi və müxtəlif işlərin icrası nəzərdə tutulub.
Layihə reallaşdırıldıqdan sonra Qax və Zaqatala rayonları arasında hazırda istifadə olunan 46 kilometrlik məsafə qısalaraq 36 kilometr olacaq.