Azərbaycanın iki yerli universiteti dual diplom proqramına qoşulacaq-FOTO
Azərbaycan universitetləri yaxın zamanlarda daha bir yeniliyin tətbiqinə başlayacaq.
1news.az Azərbaycan Texnologiya Universitetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, İndiyədək xarici ölkə universitetləri ilə əməkdaşlıq çərçivəsində icra olunan ikili diplom proqramı bu dəfə ölkənin iki yerli ali təhsil ocağı - Azərbaycan Texnologiya Universiteti (ATU) və Gəncə Dövlət Universiteti (GDU) tərəfindən həyata keçiriləcək.
Artıq bununla bağlı universitetlər arasında müzakirə və məsləhətləşmələrə start verilib. ATU və GDU-nun rəhbər heyətləri arasında keçirilən ilk görüşdə ali təhsil ocaqlarının rektor və prorektorları, eləcə də iki diplom proqramına daxil ediləcək ixtisasları əhatə edən fakültə və kafedraların rəhbərləri iştirak edib.
ATU-nun rektoru professor Akif Süleymanov deyib ki, ilkin araşdırmalar Gəncənin iki ali təhsil ocağı arasında ikili diplom prqramının tətbiq edilməsi üçün əlverişli bazanın olduğunu göstərir. Xüsusən də biznesin idarə edilməsi, dövlət və bələdiyyə idarəetməsi, marketinq və menecment ixtisaslarının bu proqrama cəlb edilməsi imkanları genişdir. Çünki, hər iki universitetin bu ixtisaslar üzrə tədris proqramları 80 % eynilik təşkil edir. Professor Akif Süleymanov deyib ki, xarici universitetlərlə əməkdaşlıqdan qazanılan təcrübədən yararlanmaq bu işin təşkilinə böyük fayda verə bilər. Təhsilin inkişafına, ali təhsil müəssisələrinin nüfuzun artırılmasına təkan verən bu proqram isə öz növbəsində bir yenilik kimi ATU və GDU-nun birgə layihəsi olaraq Azərbaycan təhsilinə töhfə olacaq.
GDU-nun rektoru professor Yusif Yusibov da Təhsil Nazirliyi tərəfindən bir hədəf kimi qarşıya qoyulan bu proqramın icrasına başlamağın həm sözügedən universitetlər, həm də bütövlükdə Azərbaycanın təhsil sistemi üçün faydalı olacağını bildirib. GDU-nun rektoru qeyd edib ki, proqramın icrasına tezliklə başlamaq üçün əsas istiqamətlər müəyyən edilməli və mexanizm hazırlanmalıdır. İlkin mərhələdə isə effektivliyi təmin etmək üçün proqrama müvəffəqiyyət göstəriciləri yüksək olan tələbələr cəlb olunmalıdır.
Görüşün nəticəsi olaraq hər iki universitetdə ikili diplom proqramının icrasına hazırlıq məqsədilə işçi qrupların yaradılmasına qərar verilib. Məqsəd cari tədris ilinin sonun qədər hazırlıqları yekunlaşdırmaq və növbəti ildən prosesə start verməkdir.
1news.az