İlham Əliyev Rusiyanın “Qazprom” şirkəti idarə heyətinin sədrini qəbul edib
Prezident İlham Əliyev Rusiyanın “Qazprom” şirkətinin idarə heyətinin sədri Viktor Zubkovu qəbul edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, “Qazprom” şirkətinin idarə heyətinin sədri V.Zubkov Bakıda gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib.
Görüşdə Azərbaycan ilə Rusiya arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, münasibətlərimizin bundan sonra da genişlənəcəyi əminliklə qeyd edilib.
Söhbət zamanı ölkələrimiz arasında iqtisadi, o cümlədən energetika sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Rusiya Federasiyasının müxtəlif neft-qaz şirkətləri, eləcə də “Qazprom” arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.
Görüşdə, həmçinin Rusiya Federasiyasının “Qazprom” şirkətinin idarə heyətinin sədri V.Zubkovun da iştirak edəcəyi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi Qlobal Bakı Forumunun əhəmiyyətindən danışılıb, tədbirin beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi baxımından önəmi qeyd olunub.
1news.az