Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 200-260, Kiçik Qafqazın çaylarında 200-300, Lənkəran-Astara bölgəsi çaylarında isə 10-60 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, martın 7-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 272 m3/s olmaqla ongünlük normanın 112 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 171 m3/s olmaqla ongünlük normanın 71 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 97 m3/s olmaqla, ongünlük normanın 117 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 73 m3/s təşkil edərək ongünlük normanın 88 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, martın 7-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 8, Salyanda 10, Bankədə 5 sm azalma, Araz çayının Novruzlu məntəqəsində 3 sm artım qeydə alınıb, Surrada isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 418 sm (2015-ci il martın 7-də 396 sm), Şirvanda 297 sm (2015-ci il martın 7-də 249 sm), Salyanda 258 sm (2015-ci il martın 7-də 200 sm), Bankədə 203 sm (2015-ci il martın 7-də 202 sm), Araz çayının Novruzlu məntəqəsində isə 138 sm (2015-ci il martın 7-də 155 sm) təşkil edir.
1news.az