Müdafiə naziri Silahlı Qüvvələrdə xidmət edən qadınlarla görüşüb – FOTO
Müdafiə naziri Zakir Həsənov 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Silahlı Qüvvələrdə xidmət edən və mülki qulluqçu kimi çalışan qadınların bir qrupu ilə görüşüb.
1news.az-ın məlumatına görə, öncə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət himni səsləndirildikdən sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan qadınlarına təbriki oxunub.
Sonra Müdafiə naziri Z.Həsənov çıxış edərək Silahlı Qüvvələrimizin bütün qadın heyətini bayram münasibətilə təbrik edib və əminliklə vurğulayıb ki, bu gün ölkənin ordu quruculuğunda Azərbaycan qadınının əhəmiyyətli rolu var.
“Bu gün Silahlı Qüvvələrimizdə bir çox hərbi vəzifələrdə və mülki işlərdə xanımlar məsuliyyət hissi ilə çalışırlar. Onların hərbi xidmətdə əldə etdikləri nailiyyətlər, göstərdikləri fədakarlıq nümunələri çoxdur və bu hamımızda hədsiz qürur hissi doğurur. Əminəm ki, hər zaman olduğu kimi bu gün də Silahlı Qüvvələrdə çalışan, xidmət edən qadınlar dövlətin, xalqın və ordu rəhbərliyinin yüksək etimadını əməli fəaliyyətlərində layiqincə doğruldacaqlar” - deyə müdafiə nazir bildirib.
Z.Həsənov çıxışının sonunda qadınları bir daha təbrik edərək onlara can sağlığı, uzun ömür, ailə səadəti, xoşbəxtlik və işlərində uğurlar arzulayıb.
Silahlı Qüvvələrin qadın hərbi qulluqçuları adından çıxış edən tibb xidməti leytenantı Aynur Bayramova dövlətimizin rəhbərliyi tərəfindən ölkədə qadınlarının zəhmətinə verilən yüksək dəyəri diqqətə çatdırıb.
Bayram tədbiri Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri solistlərinin ifasında musiqi nömrələrindən ibarət konsert proqramı ilə başa çatıb.
1news.az