Mübariz Əhmədoğlu: “Fars körfəzindən Rusiyaya və Qara dəniz hövzəsi ölkələrinə yüklər Azərbaycan ərazisi vasitəsilə daşınacaq”
Suriyada barışıq planının təşəbbüskarı və müəllifi Rusiyadır. Rusiyanın tələsdiyi də aydın görünür.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu son zamanlar Yaxın Şərq və Cənubi Qafqaz regionunda baş verən prosesləri şərh edərkən deyib:
“Çünki barışıq planından əvvəl Suriya ərazisindəki qruplaşmalardan hansının mülayim müxalifət, hansının isə terrorçu qruplaşma olmasının siyahısını müəyyənləşdirmək lazım idi. ABŞ və Rusiya belə siyahı barədə razılıq əldə etməyiblər. Bu istər-istəməz həmin barışıq planını qeyri-ciddi varianta çevirə bilər. Çünki istər Rusiya, istər ABŞ istənilən anda hansısa bir qruplaşmanın açdığı atəşə cavab verə və özünü haqlı saya bilər”.
“Rusiya Suriyadakı proseslərin sahibinin təkbaşına özü olduğunun ciddi mesajını verdi”
Rusiyanın tələsməsinin səbəbsiz olmadığını deyən politoloqun sözlərinə görə, Rusiya bu barışıq sazişinə getməklə ən azı üç məqsədi hədəf seçib. M.Əhmədoğlu həmin hədəfləri aşağıdakı kimi açıqlayıb:
1) Rusiya Suriyadakı proseslərin sahibinin təkbaşına özü olduğunun ciddi mesajını verdi. Bu mesaj xüsusi olaraq ABŞ və İrana tərəf yönəlib.
2) V.Putin barışıq sazişi ərəfəsində öz dövlətinin indiki reallıqda bacarıq və gücünü nümayiş etdirdi. ABŞ-la aparılan məxfi danışıqlara paralel olaraq Rusiya prezidenti İran, Səudiyyə Ərəbistanı və Qətər rəhbərləri ilə də bu məsələni müzakirə etdi. B.Obama ilə telefon danışığında barışıq variantına son nöqtəni qoydu. Səudiyyə Ərəbistanı və Qətər kimi Ərəb dövlətləri Suriya prosesində çox spektrli iştirakla özlərinin geosiyasi vacibliyini dərk etdilər. Bunu onlara V.Putin verdi. Eləcə də V.Putin Ərəb dünyasına bu iki dövlətin timsalında başa saldı ki, Rusiya ümumərəb maraqlarını başa düşür. İrana yönəli əlaqələri fonunda ərəb dövlətləri Rusiyanın ərəb dövlətləri üçün daha vacib rol oynadığını nümayiş etdirdi. Ərəb dünyasında baş verənlərin sahibi ərəblərdir. Rəsmi Moskva isə İranın Suriya siyasətinin antirusiya olmasına şübhə etmir.
“Türkiyə Yaxın Şərq regionu ilə bağlı proseslərdə ən ciddi zərbəsini aldı”
3) V.Putin Suriya və ərəb dünyasında baş verənlərdə Türkiyənin rolunu hədsiz kiçiltdi. Ərəb baharından sonra Türkiyə Yaxın Şərqdə yeni müsbət imic qazanmışdı. V.Putin sübut etdi ki, Suriya məsələsini Türkiyənin iştirakı olmadan həll etmək mümkündür. Bu Türkiyə üçün çox ağır zərbədir. Suriya kartından istifadə edərək Türkiyə Səudiyyə Ərəbistanı, Qətər və Somalidə hərbi baza tikmək istəyirdi. Səudiyyə Ərəbistanı ilə birlikdə Türkiyə Suriyaya quru qoşunları yeritmək niyyətində idi. Bəlkə də Putini tələsdirən əsas parametr bu idi. Suriyada barışıq elan olunursa, ora heç kimin, o cümlədən Türkiyənin qoşun yeritməyə əsası yoxdur. Türkiyə Suriyadakı vəziyyətin spesifikliyini bilir. Ərəb dövlətləri Türkiyənin Suriyaya qoşun yeritməsinə razılıq verməyəcəklər, versələr də bu ciddi tarixi problem yarada bilər. Ərəb Dövlətləri Liqasının və Türkiyə baş naziri Ə.Davudoğlunun bu mövzu ilə bağlı bəyanatları yuxarıdakı fikirlərin təsdiqidir. Osmanlı dövründən bəri Türkiyə Yaxın Şərq regionu ilə bağlı proseslərdə ən ciddi zərbəsini aldı və ya ən ciddi itkiyə məruz qaldı”.
“Xristian dünyasını birləşməsə Yaxın Şərqdə xristian qalmayacaq”
Suriya ətrafında cərəyan edən proseslərə həm də dini prizmadan yanaşan M.Əhmədoğlunun fikrincə, Yaxın Şərqdə geosiyasi reallıq xristian dünyasını birləşdirməyə vadar edir.
Xristian dünyasının iki ən böyük kilsəsinin liderləri arasında 1054-cü ildən bəri ilk dəfə görüş keçirildiyini xatırladan politoloqun sözlərinə görə, Vatikanla Rusiya Pravoslav Kilsəsinin başçılarının görüşünə dair bir neçə dəfə təşəbbüslər olub. Amma bu iki kilsə arasındakı narazılıq dialoqun qurulmasına imkan verməyib:
“İndi geosiyasi reallıq xristian dünyasını birləşdirməyə vadar edir. Başqa variantda Yaxın Şərqdə xristian qalmayacaq. Yaxın Şərqdə baş verən permanent münaqişələr və konfliktogen resursların hesabına bu münaqişənin davam perspektivlərinin çox güclü olması xristian dünyasının iki ən böyük kilsəsini dialoqa vadar etdi. Rusiya Pravoslav Kilsəsinin başçısı Kirill Yaxın Şərq regionunda xristianların gərgin vəziyyətindən daha çox xəbərdardır. Çünki vəziyyət gərginləşdikdən sonra Kirill Suriya və Livana patriarx səfəri etmişdi. O, zaman pravoslav və ya katolikliyindən asılı olmayaraq bütün xristianlar onun görüşlərində aktiv iştirak etdilər. Hətta Yaxın Şərqdəki müharibə regionundakı yəhudi dini icmaları da bu tədbirlərə qatılmışdı. Yalnız erməni icması qatılmadı”.
Qərb dövlətləri ilə müqayisədə Rusiyanın müharibə regionunda daha aktiv olduğunu və aktivliyinin sahəsini genişləndirmək əzmində olduğunu deyən M.Əhmədoğlu bildirib ki, Vatikanın başçısı, Roma papası Fransisk Yaxın Şərqdəki xristianların gərgin vəziyyəti ilə bağlı dəfələrlə müraciət etsə də, Qərb dövlətləri tərəfindən onun bu müraciəti lazımi reaksiya yaratmamışdı:
“Kirillin Türkiyə ilə bağlı bəyanatı ermənilərin hiddətinə səbəb oldu”
“Fransiskin V.Putinlə məhz bu mövzuda görüşdü, ikinci dəfə də görüşmək istəyirdi. V.Putinlə görüşün əvəzinə Kirillə görüş baş tutdu. Kiril məşhur din xadimi olmaqla yanaşı, həm də etatist dünya görüşünün daşıyıcısıdır. Kirill Türkiyəni Yaxın Şərqdəki xristianlığın xilasında rolunu başa düşür. Amma Rusiya ilə Türkiyənin dövlət olaraq münasibətlərində gərginliyə görə, Kiril Türkiyə mövzusuna söykənə bilməzdi. O, tarixən Türkiyənin xristianlara qarşı mübarizə aparmadığını vurğuladı. Yeri gəlmişkən, onun bu bəyanatı ermənilərin hiddətinə səbəb oldu. Ermənilərin fikrincə, Kiril “erməni soyqırımı” mövcudluğu faktını inkar edir. Roma papası Fransiskin də Kirillə görüş ərəfəsində 2015-ci ilin aprelin 12-də Vatikanda liturgiya zamanı işlətdiyi “erməni soyqırımı” ifadəsini bu görüş ərəfəsində 1915-ci ilin faciəsi termini ilə əvəzlədi.
Beləliklə, iki kilsənin Yaxın Şərqdəki xristianlığı xilası strategiyası bəllidir və bu strategiyada Türkiyə vacib rol oynayır. Amma Türkiyə ilə əlaqələrin ağırlığı Kirillin üzərində deyil, Roma papası Fransiskin üzərindədir. Vatikan da əvəzində Rus Pravoslav Kilsəsinə güzəştə getdi. Ukrayna dindarlarının bir qismi ibadət proseduralarına görə, pravoslavdırlar. Amma özlərini katolik hesab edirlər. Yeri gəlmişkən, iki kilsə arasında min illik ayrılığın əsas səbəbi də Ukraynadakı yunan-roma katolikləridir. Vatikan bu məsələdə Rus Pravoslav Kilsəsinin mövqeyini qəbul etdi. Eləcə də indi baş verən Ukrayna böhranına iki kilsə arasında imzalanmış bəyannamədə olan münasibət Rusiyanın mövqeyinə daha yaxındır”.
Görüşün Kubada baş tutmasına diqqət çəkən M.Əhmədoğlunun sözlərinə görə, görüşün baş tutmasının əsas səbəbi bu görüş barədə cəmi beş nəfər adamın məlumatlı olması oldu:
“Bunu Kiril bildirdi. Onun fikrincə, görüşün təşkilindən xəbərdar olanların sayı çox olsaydı, maneçilik edənlər çox olacaqdı. Görüşün təşkilində vacib detallardan biri iki dini liderin səfər marşrutlarının təsadüfən kəsişməsidir. Papa Fransisk Meksikaya, patriarx Kirill isə Latın Amerikasına uçurmuş. Görüş zamanı birgə bəyannamə imzalandı. Hər iki lider qucaqlaşdılar. Bir-birini qardaş adlandırdılar. Bəyannamədə xristianlığın birləşdirilməsi və Yaxın Şərq xristianlığının xilası əsas tezislərdir. Görüşdən sonra hər iki lider mətbuata verdiyi açıqlamada bu görüşdən razı qaldıqlarını bəyan etdilər və görüşlərin davam edəcəyini bildirdilər”.
“İran-Ermənistan dəmir yolunun tikintisi barədə Ermənistan cəmiyyətində pessimist fikirlərin sayı artır”
M.Əhmədoğlu Yaxın Şərqdə cərəyan edən proseslərlə yanaşı Cənubi Qafqaz regionunda baş verən son hadisələrlə bağlı da fikirlərini bölüşüb, Azərbaycanla İran arasında bir sıra məsələlər üzrə razılığı əldə edilməsini xüsusi qeyd edib O, eyni zamanda bunun Ermənistana mümkün təsirindən də danışıb:
“İranın dəstəklədiyi əməkdaşlıq fəlsəfəsi konfliktogen ermənilərin mentalitetinə uyğun deyil. İranın Ermənistana münasibəti Ermənistan cəmiyyətində anlaşılmağa başlanıb. Erməni ekspertlərinin fikrincə, İranın Azərbaycan vasitəsilə “Şimal-Cənub” dəmir yolunu tikməsi Ermənistana nisbətən daha sərfəlidir. Çünki İran-Ermənistan dəmir yolu üçün 3,2 milyard dollar vəsait tələb olunduğu halda, İran-Azərbaycan dəmir yolunun birləşdirilməsi üçün cəmi 400 milyon dollar vəsait lazımdır.
Ümumilikdə, İran-Ermənistan dəmir yolunun tikintisi barədə Ermənistan cəmiyyətində pessimist fikirlərin sayı artır. Hətta bəzi ekspertlər İranın bu layihə ilə bağlı siyasi iradəsinin olmasını da şübhə altına alırlar. “Modus Vivendi” araşdırma mərkəzinin rəhbəri A.Papyan Ermənistan variantında İran-Ermənistan dəmir yolunu qeyri-real adlandırdı. Onun fikrincə, Ermənistan -Naxçıvan dəmir yolu marşrutu işə salınmalıdır. Bu faktiki İranın Ermənistan üzrə variantının təbliğatı deməkdir.
Ermənistanın ictimai-siyasi mühitində belə xof yaranıb ki, Ermənistan yenidən izolyasiya vəziyyətində qala bilər. İranın üzərindən sanksiyalar götürülüb. İran aktiv layihələr reallaşdırır, bütün dünyanın gözü İrandadır. Amma Ermənistan-İran münasibətlərində heç bir ciddi dəyişiklik baş verməyib. 2-5 il bundan qabaq səslənən fikirlər yenidən təkrarlanır. İş burasındadır ki, Ermənistan rəsmiləri də belə düşünürlər. Görünür, İranla münasibətlər Ermənistan üçün blef mənbəyi kimi lazımdır. Ermənistanın energetika və təbii ehtiyatlar naziri Y.Zaxaryanın bildirdiyinə görə, İranla Ermənistan arasında dəmir yolunun tikilməsi barədə memorandum imzalanıb. Onun bu fikrinin dəqiqliyi şübhə doğurur. Ermənistanın nəqliyyat və rabitə naziri A.Beqlaryan sonuncu dəfə İranda olarkən İran-Ermənistan dəmir yolu marşrutunun dəyişdirilməsi müzakirə edildi. İranlı həmkarı A.Beqlaryana başa saldı ki, Naxçıvan dəmir yolu olduğu halda, başqa dəmir yolu tikmək mümkün deyil. Ona görə, Yerasx variantı ortalığa çıxdı”.
“Fars körfəzindən Rusiyaya və Qara dəniz hövzəsi ölkələrinə yüklər Azərbaycan ərazisi vasitəsilə daşınacaq”
Ermənistanla İran arasında dəmir yolunun tikintisi ilə bağlı hər hansı bir sənədin imzalanmasına şübhə ilə yanaşan M.Əhmədoğlunun sözlərinə görə, əgər marşrut dəqiq deyilsə, İran kimi ciddi dövlət belə sənəd imzalaya bilməz:
“Digər tərəfdən Y.Zaxaryanın dediyi memorandum imzalanıbsa da, bu vəziyyəti dəyişmək gücündə olan sənəd deyil. Ermənistanın arzuladığı sənədin məzmunu bizə bəllidir: İran öhdəlik götürür ki, Ermənistan İran-Ermənistan dəmir yolunun öz ərazisindəki hissəsini tikmək üçün vəsait tapan kimi İran bu dəmir yolunun öz ərazisindəki 60 km-lik hissəsini tikir. İranın Azərbaycanla dəmir yolunu birləşdirməsi “Şimal-Cənub” marşrutunun Azərbaycan ərazisindən keçməsi anlamındadır.
Beləliklə, Fars körfəzindən Rusiyaya və Qara dəniz hövzəsi ölkələrinə yüklər Azərbaycan ərazisi vasitəsilə daşınacaq. Bu isə İran-Ermənistan dəmir yolu tikiləcəyi halda, həmin yoldan keçən yüklərin miqdarını xeyli azaldacaq. İran-Ermənistan dəmir yolu üçün Ermənistanın investisiya tapması müşkül məsələyə çevriləcək. İran prezidenti H.Ruhani Azərbaycan Prezidenti ilə Tehranda keçirdiyi mətbuat konfransında “Şimal-Cənub” dəmir yolu marşrutunun Azərbaycandan keçəcəyini və bu marşrutun 2016-cı ildə işə düşəcəyini bildirdi. Bu İranın “Şimal-Cənub” dəmir yolu marşrutunda başqa seçimin olmadığı anlamındadır”.
Ermənilərin qaz nəqli ilə bağlı fikirlərini də mif adlandıran politoloq hesab edir ki, Ermənistanın İrana münasibətinin kökündə konfliktogenlikdən resurs əldə etmək dayanır:
“Ümumilikdə götürdükdə, Ermənistan İrana İT texnologiyaları sahəsində yeni nəsə təklif edə bilər. İran indi kifayət qədər praqmatik siyasət aparır. Ermənistanın İrana münasibətinin kökündə konfliktogenlikdən resurs əldə etmək dayanır. Ermənilərin fikrincə, İranın Türkiyə və Azərbaycanla ədavətinin kökü qədimdir və uzun müddət davam edəcək. Hətta ABŞ-dakı ermənilər də buna inanır. Ermənistan özünü antiazərbaycan və antitürkiyə alət kimi İrana təqdim edir. Əvəzində, resurs tələb edir. İranın indiki rəhbərliyi yaxın dövr üçün İranın ətrafında baş verən prosesləri proqnozlaşdırıb. Başa düşürlər ki, İran bu regionda qarşıdurma fəlsəfəsindən imtina edib, əməkdaşlıq fəlsəfəsini seçməlidir. Əməkdaşlıq fəlsəfəsi ermənilərin mentalitetinə uyğun deyil”.
“ATƏT-in məruzəsində Ermənistanın seçki qanunvericiliyi, seçki prosedura və praktikası kəskin tənqid olunur”
M.Əhmədoğlu Ermənistan hakimiyyətinin nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən tənqid olunmasına diqqət çəkərək ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Ermənistanın seçki qanunvericiliyi, seçki prosedura və praktikasını kəskin tənqid etdiyini diqqətə çatdırıb:
“ATƏT/DTİHB Ermənistandakı referenduma dair yekun məruzəni açıqladı. 40 səhifədən çox həcmi olan bu məruzədə Ermənistanın seçki qanunvericiliyi, seçki prosedura və praktikası kəskin tənqid olunur. Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri T.Mukuçyan bildirdi ki, bu məruzə şayiələr əsasında tərtib olunub və oradakı məlumatlar yoxlanılmalıdır. Daşnak partiyasının deputatlarından biri seçici siyahılarının dərc olunmasını konfidensiallıq prinsipinin pozulması adlandırdı. Yeri gəlmişkən, Prezident S.Sərkisyanın daşnaklarla koalisiyasının iki məqsədi məhz ATƏT/DTİHB-in təkliflərini neytrallaşdırmağa yönəlib. Əvvəla, “koalisiya” termini Avropada demokratiklik assosiasiyası yaradır. S.Sarkisyan bundan sonra yenə ölkə daxilində demokratiya və insan hüquqlarını pozacaq, amma Qərb bu pozuntulara demokratiyanın təzahürü kimi yanaşacaq.
İkincisi, Ermənistanın daxili siyasi prosesləri bu vaxta qədər kriminal məhəllə avtoritetləri vasitəsilə reallaşdırılırdı. S.Sarkisyan indi bu prosesi siyasi relsə keçirmək istəyir.
Referendumun keçirilməsinə məsul olan “Transparency International” təşkilatının rəhbəri Varujan Oktanyan referendumu pozuntularla keçirildiyinə şübhələrin olduğunu bildirdi. Qərb Ermənistandakı seçkilərdə elektron səsvermə tətbiq etmək niyyətindədir. Bunun üçün lazımı avadanlıqların alınması üçün donor müəyyənləşdirilir.
Aİ-nin Ermənistandakı səfiri P.Svitalski ATƏT/DTİHB-in referendumla bağlı yaydığı yekun hesabat haqda sərt mövqe nümayiş etdirdi. O, rəsmi Yerevanı bu hesabata ciddi yanaşmağa çağırdı. 2017-ci ilin parlament seçkilərinə qədər vəziyyəti düzəltməyə və bu seçkilərə ölkənin inkişafını stimullaşdıran fürsət kimi baxmağa çağırdı. Kuluar danışıqlarında səfirə çatdırıblar ki, yeni Seçki Məcəlləsi ədalətli qaydada tərtib olunacaq. Kuluar danışıqları varsa, deməli S.Sərkiyanın yalanları yeriyir”.
1news.az